Bakı.Trend:
Fransanın Qan Xidməti (EFS) soyuducu avadanlıqlarının təchizatçılarından birinə qarşı kiberhücumun həyata keçirildiyini açıqlayıb.
"Lenta" xəbər verir ki, bu barədə xidmətin rəsmi saytında məlumat verilib.
Noyabrın 2-də hakerlər EFS-in üç obyektindəki soyuducu kameraların sistemlərinə müdaxilə ediblər. Hücum edənlər temperatur hədlərini və buzun əridilməsi parametrlərini çox yüksək göstəricilərə dəyişiblər. Qeyd olunur ki, hücumun hədəfi birbaşa xidmətin özü olmayıb, lakin insident soyuducu kameraların monitorinqi və idarəetmə sistemlərinin işində nasazlıqlara səbəb olub.
Xidmət əməkdaşları kənarlaşmaları vaxtında aşkar edərək soyuduculardakı qan komponentlərini digər kameralara köçürüblər. Xidmətdən bildirilib ki, hadisə nəticəsində xəstələrin sağlamlığı üçün heç bir təhlükə yaranmayıb və qan komponentləri itkisi qeydə alınmayıb.
Oxşar soyuducu avadanlıqlara kiberhücum halları daha əvvəl Belçika, İrlandiya, Lüksemburq, Niderland, Finlandiya, İsveç, Estoniya, İtaliya və Portuqaliyada da qeydə alınıb. Hakerlər buzun əridilməsi rejimini aktivləşdirib, bəzi hallarda isə soyuducu kameraların temperaturunu 50 dərəcədən yuxarı qaldırıblar ki, bu da saxlanılan məhsulların yararsız hala düşməsinə səbəb olub.
