Bakı.Trend:
Brendli yaşayış kompleksləri tikinti şirkətlərinə adi yaşayış obyektləri ilə müqayisədə qiymətləri 20-40 faiz daha yüksək təyin etməyə imkan verir.
Trend-in müxbirinin verdiyi məlumata görə, bu barədə "PASHA Real Estate Group"un kommersiya direktoru və beynəlxalq layihələr üzrə baş direktoru Elçin Qədimov cümə axşamı Bakıda keçirilən AIREX 2026 beynəlxalq daşınmaz əmlak və investisiya sərgisi çərçivəsində bildirib.
“Brendli yaşayış komplekslərinin əsas üstünlüklərindən biri prestijdir. Bununla yanaşı, ölkədən və bazarın xüsusiyyətlərindən asılı olaraq, brendin özünün və onun məhsullarının tanınması da mühüm əhəmiyyət kəsb edə bilər.
Hazırda bazarda NH və IKA kimi brendlərin adı ilə təqdim olunan yaşayış komplekslərini də görürük. Buna görə də bəzi hallarda məhsulun tanınması və istehlakçıların həmin məhsul barədə məlumatlı olması tikinti şirkətinin adından daha böyük əhəmiyyət daşıya bilər”, - deyə o qeyd edib.
E.Qədimov bildirib ki, şirkətin fəaliyyət göstərdiyi Azərbaycanda və digər ölkələrdə brendli yaşayış komplekslərinin qiymət üstünlüyü 20-40 faiz təşkil edir.
Onun sözlərinə görə, hotel brendləri layihələrin tanınmasını və prestijini təmin edir. Belə brendlərin iştirak etdiyi layihələrin əksəriyyətində hotelin də yaradılması nəzərdə tutulur.
“Eyni zamanda, xüsusilə "Armani" və ya "Dolce & Gabbana" kimi həyat tərzi (lifestyle) brendləri ilə əməkdaşlıq tikinti şirkətinin xərclərini əhəmiyyətli dərəcədə artıra bilər. Bu, müəyyən mebel, material və parçalardan istifadə tələbləri ilə bağlıdır. Lakin belə xərclərin artması heç də həmişə layihənin tikinti şirkəti üçün dəyərinin müvafiq şəkildə yüksəlməsi ilə nəticələnmir.
"PASHA Real Estate Group" təxminən 20 ildir ki, bazarda fəaliyyət göstərir. Şirkət əsasən Azərbaycanda işləyib, son beş ildə isə beynəlxalq fəaliyyətini genişləndirir. Hazırda Azərbaycan da daxil olmaqla, altı ölkədə təmsil olunur.
Yeni bazara daxil olarkən, keyfiyyətli daşınmaz əmlak obyektləri təklif edən və onların uzunmüddətli dəyərini təmin edən şirkət kimi nüfuz qazanmaq üçün tikinti şirkətinə 8-10 il vaxt lazım ola bilər. Belə şəraitdə beynəlxalq brendlə əməkdaşlıq tikinti şirkətinin tanınmasını artırmaq və satışları sürətləndirmək üsullarından birinə çevrilə bilər”, - deyə o bildirib.
