Bakı. Trend:
Azərbaycanda əsas kapitala investisiyaların həcminin 2027-ci ildə 25 milyard 384,2 milyon manat, 2030-cu ildə isə 28 milyard 404,3 milyon manat olacağı proqnozlaşdırılır.
Bu barədə məlumat 2027-ci ilin dövlət büdcəsinin layihəsində öz əksini tapıb.
Sənədə əsasən, 2027-ci ildə əsas kapitala investisiyaların real artımının 2,4 faiz təşkil edəcəyi gözlənilir. 2028-ci ildə bu göstəricinin 4,2 faiz, 2029-cu ildə 1,9 faiz, 2030-cu ildə isə 0,2 faiz olacağı proqnozlaşdırılır. Beləliklə, 2028-2030-cu illərdə əsas kapitala investisiyaların orta illik real artım tempinin 2,1 faiz təşkil edəcəyi gözlənilir.
Proqnozlara görə, investisiya qoyuluşlarının əsas hissəsi daxili investisiyaların hesabına formalaşacaq. Belə ki, 2027-ci ildə daxili investisiyaların 19 milyard 471,9 milyon manat, xarici investisiyaların isə 5 milyard 912,3 milyon manat olacağı nəzərdə tutulur.
Sonrakı illərdə daxili investisiyaların artacağı, xarici investisiyaların isə azalacağı proqnozlaşdırılır. 2028-ci ildə daxili investisiyaların 21 milyard 413,5 milyon manata, xarici investisiyaların 5 milyard 489,4 milyon manata çatacağı gözlənilir. 2029-cu ildə bu göstəricilərin müvafiq olaraq 22 milyard 940,5 milyon manat və 4 milyard 962,6 milyon manat, 2030-cu ildə isə 23 milyard 992,3 milyon manat və 4 milyard 412 milyon manat olacağı proqnozlaşdırılır.
Beləliklə, 2027–2030-cu illərdə daxili investisiyaların həcminin 4 milyard 520,4 milyon manat artacağı, xarici investisiyaların isə 1 milyard 500,3 milyon manat azalacağı gözlənilir.
Sahələr üzrə bölgüyə gəldikdə, 2027-ci ildə neft-qaz sektoruna 7 milyard 933 milyon manat, digər sahələrə isə 17 milyard 451,2 milyon manat investisiya yönəldilməsi nəzərdə tutulur.
2028-ci ildə neft-qaz sektoruna investisiyaların 8 milyard 331,2 milyon manata yüksələcəyi, digər sahələrə investisiyaların isə 18 milyard 571,8 milyon manat təşkil edəcəyi gözlənilir. 2029-cu ildə bu göstəricilər müvafiq olaraq 8 milyard 213,3 milyon manat və 19 milyard 689,8 milyon manat, 2030-cu ildə isə 7 milyard 503,2 milyon manat və 20 milyard 901,1 milyon manat səviyyəsində proqnozlaşdırılır.
Beləliklə, 2027–2030-cu illərdə neft-qaz sektoruna investisiyaların 429,8 milyon manat azalacağı, digər sahələrə investisiyaların isə 3 milyard 449,9 milyon manat artacağı gözlənilir. Bu da proqnoz dövründə investisiya qoyuluşlarında qeyri-neft-qaz sahələrinin payının genişlənəcəyini göstərir.
Sənəddə qeyd olunur ki, işğaldan azad edilmiş ərazilərdə “Böyük Qayıdış” çərçivəsində investisiyaların cəlb olunması, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi, qeyri-neft-qaz sektoruna birbaşa xarici investisiyaların təşviqi və infrastruktur layihələrində dövlət-özəl tərəfdaşlığının genişləndirilməsi əsas kapitala investisiya qoyuluşlarını dəstəkləyəcək.
Bununla yanaşı, dövlət şirkətlərinin sərmayələrinin iqtisadi səmərəliliyinin artırılması, özəl investisiyaların təşviqi, bank-maliyyə sektorunun vasitəçilik funksiyasının gücləndirilməsi və sahibkarlığa dövlət dəstəyinin genişləndirilməsi də investisiya fəallığının artırılması istiqamətində əsas amillər kimi müəyyən edilib.
