FAO Azərbaycanda balıqçılıq və akvakulturanın inkişafına dəstək verməyə hazırdır – Nabil Gangi

Cəmiyyət Xəbər 5 Noyabr 2026 10:44 (UTC +04:00)
FAO Azərbaycanda balıqçılıq və akvakulturanın inkişafına dəstək verməyə hazırdır – Nabil Gangi
Firayə Nurizadə
Firayə Nurizadə
Müxbir Bütün xəbərlər

Bakı. Trend:

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Azərbaycanda və regionda dayanıqlı balıqçılıq və akvakulturanın inkişafına öz təcrübəsi və müxtəlif ölkələrdə əldə etdiyi biliklərlə töhfə verməyə hazırdır.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu fikirləri cümə axşamı Bakıda keçirilən Birinci Azərbaycan Regional Akvakultura Forumunda FAO-nun Avropa və Mərkəzi Asiya üzrə regional nümayəndəsinin müavini Nabil Gangi deyib.

O bildirib ki, Kənd Təsərrüfatı Nazirliyinin balıqçılıq və akvakultura sahəsində səlahiyyətlərinin genişləndirilməsi sektorun investisiyalara, innovasiyalara və dəstək mexanizmlərinə çıxışını yaxşılaşdırmaq üçün imkan yaradır.

N.Ganginin sözlərinə görə, 2026–2030-cu illər üzrə Dövlət Proqramı balıqçılıq və akvakulturanı kənd təsərrüfatı ilə yanaşı ölkənin inkişaf prioritetləri sırasına daxil etməklə bu məqsədlər üçün aydın əsas formalaşdırır.

“FAO-nun son qiymətləndirməsi göstərir ki, hazırda akvakultura qlobal miqyasda su heyvanları istehsalının yarıdan çoxunu təmin edir. Su mənşəli qidalar qiymətli qida maddələri ilə təmin edir, balıqçılıq və akvakultura isə sahilyanı ərazilərdən çox uzaqlarda da insanların dolanışığını dəstəkləyir”, – deyə o qeyd edib.

FAO rəsmisi vurğulayıb ki, kiçik istehsalçılar və balıqçılıq icmaları üçün inkişaf sabit gəlir, praktik məsləhətlər və bazarlara çıxış demək olmalıdır. Qadınların və gənclərin də yaşadıqları ərazilərdə dayanıqlı biznes qurmaq imkanları genişləndirilməlidir.

“İnkişaf sağlam su mühitinə və elmi əsaslara söykənməlidir. Azərbaycanın Xəzər dənizi və daxili su hövzələrində balıqçılığın səmərəli idarə edilməsi, yaşayış mühitinin qorunması və məsuliyyətli akvakultura fəaliyyəti vacibdir. Su heyvanlarının sağlamlığı, sudan səmərəli istifadə və iqlim riskləri barədə daha dolğun məlumatlar investisiya qərarlarına istiqamət verməlidir”, – deyə N.Gangi bildirib.

O əlavə edib ki, FAO ilə Azərbaycan arasında sektorun təhlili, balıqçılıq üzrə yol xəritəsi üzərində iş və Türkiyə ilə təcrübə mübadiləsi kimi əməkdaşlıq istiqamətləri mövcuddur. Mərkəzi Asiya və Qafqazda balıqçılıq təsərrüfatı və akvakultura sahəsində Regional Komissiya vasitəsilə ölkələr təcrübələrini bölüşə və ümumi problemlərin həlli üzərində işləyə bilərlər.

N.Gangi qeyd edib ki, 2026–2030-cu illər üçün formalaşdırılan əməkdaşlıq istehsalçıların məsləhət və məlumat təminatının yaxşılaşdırılmasını, etibarlı qida təhlükəsizliyi sistemlərini, su və təbii ehtiyatlardan daha səmərəli istifadəni bir araya gətirir.

O, FAO–Azərbaycan Tərəfdaşlıq Proqramının növbəti mərhələsi vasitəsilə dayanıqlı balıqçılıq və akvakultura sahəsində əməkdaşlığa yeni təkan veriləcəyinə ümid etdiyini bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti