Bakı. Trend:
2027-ci ildə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) ümumi gəlirlərinin 9 milyard 220,5 milyon manat olması proqnozlaşdırılır.
Bu, "Dövlət Sosial Müdafiə Fondunun 2027-ci il büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb.
Sənədə əsasən, Fondun gəlirləri 2026-cı ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 897,4 milyon manat və ya 10,78 faiz çox olacaq.
Gələn il Fondun məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarının 7 milyard 586,5 milyon manat təşkil edəcəyi gözlənilir. Bu, Fondun ümumi gəlirlərinin 82,28 faizinə bərabərdir. Göstəricinin 2026-cı ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 995,4 milyon manat və ya 15,1 faiz artacağı proqnozlaşdırılır.
Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 2 milyard 467 milyon manatının və ya 32,5 faizinin büdcədən maliyyələşən təşkilatların, 5 milyard 119,5 milyon manatının və ya 67,5 faizinin isə qeyri-büdcə sektorunun payına düşəcəyi gözlənilir.
Büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmaların 2026-cı ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 357,88 milyon manat və ya 16,97 faiz, qeyri-büdcə sektoru üzrə daxilolmaların isə 637,52 milyon manat və ya 14,22 faiz artacağı nəzərdə tutulur.
2027-ci ildə Fondun dövlət öhdəlikləri üzrə xərclərinin ümumi məbləğinin 3 milyard 831,72 milyon manat olacağı proqnozlaşdırılır. Bu, 2026-cı ilin proqnozu ilə müqayisədə 185,88 milyon manat və ya təxminən 5,1 faiz çoxdur.
Sənədə əsasən, həmin öhdəliklərin maliyyələşdirilməsi və Fondun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsindən 1,6 milyard manat vəsait ayrılması nəzərdə tutulub. Bu məbləğ dövlət öhdəliklərinin ümumi həcminin 41,76 faizini təşkil edir.
Qeyd edək ki, 2026-cı ildə DSMF-nin ümumi gəlirləri 8 milyard 323,1 milyon manat səviyyəsində proqnozlaşdırılıb.
