Əmək pensiyalarının ödənilməsinə gələn il 8,7 milyard manat yönəldiləcək

İqtisadiyyat Xəbər 5 Noyabr 2026 11:29 (UTC +04:00)
Əmək pensiyalarının ödənilməsinə gələn il 8,7 milyard manat yönəldiləcək
Aysel Məmmədli
Aysel Məmmədli
Redaktor Bütün xəbərlər

Bakı. Trend:

2027-ci ildə Azərbaycanda əmək pensiyalarının ödənilməsi xərclərinin 8 milyard 669,43 milyon manat olması proqnozlaşdırılır.

Bu, "Dövlət Sosial Müdafiə Fondunun 2027-ci il büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, əmək pensiyalarının ödənilməsi xərcləri 2026-cı ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 676,55 milyon manat və ya 8,46 faiz çox olacaq.

Proqnoz hazırlanarkən əmək pensiyalarının nominal əməkhaqqının gözlənilən artım tempinə uyğun indeksləşdirilməsi də nəzərə alınıb. Belə ki, 2027-ci il üçün pensiyaların indeksləşdirilməsi göstəricisi 7,5 faiz hesablanıb.

Sənəddə qeyd olunub ki, 2026-cı ilin sonuna pensiyaların aylıq məbləğinin 663,82 manat olacağı gözlənilir. Bu göstərici və pensiya məbləğlərində aylıq dəyişiklik dinamikası nəzərə alınmaqla 2027-ci il üzrə pensiya xərcləri proqnozlaşdırılıb.

Ümumilikdə, 2027-ci ildə əhaliyə ödənişlər üçün 8 milyard 950,06 milyon manat vəsait nəzərdə tutulub. Bunun 280,63 milyon manatı məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlərin ödənilməsinə yönəldiləcək.

Qeyd edək ki, əmək pensiyalarının ödənilməsi əhaliyə ödənişlər üzrə nəzərdə tutulan vəsaitin əsas hissəsini təşkil edir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti