Bakı. Trend:
Son 50 ildə İran-ABŞ arasında 4 noyabr adlı tarixli bir nəsnə yaranıb. İran İslam Respublikası ilə Amerika Birləşmiş Ştatlar arasında 4 noyabr tarixi ilə bağlı çoxlu hadisələr və proseslər qeydə alınıb. İranda 4 noyabr “Beynəlxalq İmperializmlə Milli Mübarizə Günü” kimi təqvimdə qeydə alınıb. Bu gündə İran və ABŞ arasında tarixi hadisələrin xatırlanması zirvəyə yüksəlir. Maraqlıdır ki, 4 noyabrda ABŞ-də keçirilən seçkilərdə Respublikaçıların Senat və Nümayəndələr Palatasında rəqibi Demokratlara uduzması İranda xüsusi bir ab-hava yaradıb.
ABŞ-də keçirilən seçkilərə ilk yüksək səviyyədə reaksiya İslamabad danışıqlarında İranın müzakirə heyətinə rəhbərlik edən parlament sədri Məhəmməd Baqir Qalibafdan gəlib. O “X” sosial şəbəkəsində amerikalıların müharibəyə “yox” dediklərini və İranın da bu mövqeyi dəstəklədiyini elan edib. Hətta ABŞ hökumətinin öz xalqının iradəsinə xəyanət etdiyi halda İranın cavab verəcəyini qeyd edib.
Davamında bir sıra rəsmilərin açıqlamaları gəldi. İranda üç əsas
idarəetmə qurumundan biri hesab olunan Məhkəmə Sisteminin rəhbəri
Qulamhüseyn Mohseni Ejeyi də “X” sosial şəbəkəsində yazaraq
bildirib ki, ABŞ prezidenti həm müharibəni, həm də siyasəti uduzub.
İran daha çox məğlubiyyətləri göstərəcək. Bu hələlik
başlanğıcdır.
İranın yeni Ali Lideri Ayətullah Seyid Müctəba Xamenei isə ABŞ-dəki
seçkilərə bir az fərqli yanaşıb. O bildirib ki, partiya və ya
davranış dəyişikliyi və ya Birləşmiş Ştatlara hər hansı imtiyazın
verilməsi ilə onun İranla düşmənçilikdən imtina edəcəyinə ümid
bəsləyənlər yanlış təsəvvür edirlər.
“İranın Hörmüz boğazında idarəetmə tətbiq etməsi və ABŞ-nin region ölkələrindəki hərbi bazalarına hücum Birləşmiş Ştatların hücumlarına reaksiya vermək məqsədini daşıyırdı. Eyni zamanda regional səviyyədə ABŞ-yə qarşı ilk müharibə hesab olunur. İrana qarşı hücumlar təkrarlanarsa, onun miqyasi daha geniş və böyük olacaq”, -deyə o qeyd edib.
İndi isə gələk əsas məsələyə. ABŞ-də seçkilərdən sonra İrana qarşı hücumlar hansı səviyyədə ehtimal olunur? Ümumiyyətlə İran və ABŞ arasındakı münasibətlər hansı məcrada davam edəcək?
Hər iki tərəfdə həm ABŞ, həm də İran tərəfində danışıqlar və
razılaşma əldə etmək, razılaşmanın icra olunması və ondan çıxmamağa
dair ciddi etimadsızlıq var. Hər iki tərəf bu məsələdə qarşı tərəfi
günahlandırmağa çalışır.
Son vaxtlarda İranın nüvə proqramı, Hörmüz boğazı, Fars körfəzi və
regional proseslərlə əlaqədar Pakistan və Qətərdən əlavə Rusiya və
Çinin də aktivliyi özünü göstərir. İran rəsmilərinin həm Rusiyaya,
həm də Çinə səfər etməsi, Rusiya xarici işlər nazirinin Tehran
səfəri və digər qarşılıqlı səfərlər diqqət mərkəzində saxlanıldıqda
aydın olur ki, regional aktorlar müharibənin artıq davam
etməməsinin tərəfdarıdır. Həm İranın, həm də ABŞ-nin irəli sürdüyü
tələblər var və bu tələblərdə ortaq məxrəcin olmaması ən azı ötən 1
il yarım ərzində mümkün olmayıb. Nəticədə İrana hücumlar başlanılıb
və İran da qarşılıqlı olaraq qarşı tərəfin mövqelərinə zərbələr
endirib.
Belə təxmin etmək olar ki, böyük aktorlar bölgədə gərginliyi azaltmaq üçün 2015-ci ildə əldə olunan nüvə sazişinə (JCPOA) bənzər və yaxud hər iki tərəfin tələbləri və güzəştlərini özündə ehtiva edən razılaşmanın əldə olunmasına səy göstərəcəklər. İranın 60% dərəcəsində zənginləşdirdiyi 400 kiloqramdan çox uranın taleyi ABŞ və Atom Enerjisi üzrə Beynəlxalq Agentlik tərəfindən daha çox səsləndirilən məsələlərdən biri kimi göstərilir.
Hazırda diplomatik səviyyədə İran və ABŞ arasında Qətərin vasitəçiliyi ilə mesaj mübadiləsi davam etməkdədir. Bəlli olduğu qədəri ilə hər iki tərəf irəli sürdüyü şərtlərdən geri çəkilmək niyyətində deyil. İran tərəfinin ABŞ-nin praktiki olaraq addım atmadığı halda diplomatik hərəkətliliyə inanacağını gözləmək mənasız görünsə də, Çin və Rusiya tərəfindən ciddi təkliflər rəsmi Tehranın diplomatik səviyyədə güvənməsinə amil ola bilər.
Buraya Məkkə Paktı tərəflərinin də Tehranda bir araya gəlməsini
əlavə etmək lazımdır. Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə
İranın bu regional sazişə yanaşmasından asılı olaraq regionda
gərginliyin azaldılmasına çalışırlar.
Məsələyə iqtisadi aspektdən diqqət yetirdikdə vəziyyət olduqca
gərgin görünür. Bir zamanlar dünyanın 15% enerjisini və sairə
ehtiyaclarının bir hissəsini təmin edən boğazın hazırda təhlükə
altında olması təbii ki, heç bir tərəf üçün məqbul hesab
edilmir.
İranın ticarətinin böyük hissəsi cənub limanları vasitəsi ilə həyata keçirilir. Dəniz və hava blokadası İranın ticarətinə mənfi təsir göstərməkdədir. Əlbəttə İran ticarətinə və iqtisadiyyatına bu qədər məhdudiyyəti gözə alaraq hələ də ABŞ qarşısında öz mövqeyindən geri çəkilməmək niyyətindədir. ABŞ tərəfində də enerji daşıyıcılarının qiymətinin artımı müəyyən problemlər yaradır.
Bütün gedişatı və prosesləri nəzərə aldıqda, görünən mənzərə budur ki, yaxın vaxtlarda gərginliyin artması və müharibənin baş verməsi ehtimalı olduqca azdır.
Lakin unutmayaq ki, 2015-ci ildə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 2231 saylı qətnamə artıq qüvvədə deyil. Çünki bu qətnamədən öncə mövcud olan 6 qətnamə və İranın nüvə proqramı ilə əlaqədar genişhəcmli sanksiyaların yenidən bərpa olunub. Bu isə tərəflər arasında yaxın dövrdə razılaşma olmadığı təqdirdə, müharibə və gərginliyin yenidən başlayacağı anonsunu verməkdədir.
