Bakı. Trend:
Azərbaycanda hər il bəyan olunan əkin sahələrinin təxminən 10–12 faizində yerində monitorinq aparılır. Monitorinqə cəlb olunan sahələrin isə təxminən 8–10 faizində kənarlaşmalar müəyyən edilir.
Trend -in tədbirdəki müxbiri xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Birinci Azərbaycan Regional Akvakultura Forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Nazir bildirib ki, yoxlamalar zamanı əkin aparılmaması, əkin yerinin və ya sahənin ölçüsünün yanlış bəyan edilməsi kimi hallar aşkarlanır. Kənarlaşmanın həcmindən asılı olaraq subsidiya ödənilmir və sonrakı dövr üçün subsidiyadan məhrumetmə tədbirləri tətbiq olunur.
Onun sözlərinə görə, bu nəzarət mexanizmi artıq bir neçə ildir tətbiq edilir və aşkarlanan kənarlaşmaların azalması müşahidə olunur.
“Bu ildən etibarən tətbiq etdiyimiz və növbəti ildə də davam etdirəcəyimiz yenilik peyk vasitəsilə nəzarət və monitorinqin həyata keçirilməsidir. Bu, insan amilindən asılılığı aradan qaldırmağa şərait yaradır”, – deyə M.Məmmədov qeyd edib.
Nazir əsas çətinliklərdən birinin bəyan olunan ərazilərin koordinatlarında sürüşmələrlə bağlı olduğunu bildirib. Bəzi hallarda fermer faktiki əkin aparsa da, sahənin koordinatları torpağın çıxarışında göstərilən koordinatlarla tam üst-üstə düşmür.
“Bu hallar yerində fərdi şəkildə araşdırılır. Ciddi sürüşmə yoxdursa, 10–20 faizədək sürüşmələri nəzərə alaraq subsidiyaları ödəyirik. Daha böyük kənarlaşma olduqda çıxarışların yenilənməsini xahiş edirik. Çıxarışlar yeniləndikdən sonra subsidiyalar tam şəkildə ödənilir”, – deyə o əlavə edib.
Vergi güzəştləri ilə bağlı sualı cavablandıran nazir qeyd edib ki, nəzərdə tutulan yeni qaydalar çərçivəsində Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyat şərtilə aqrar sahədə fəaliyyət göstərən fermer və sahibkarlara 90 faizlik vergi güzəştinin tətbiqi nəzərdə tutulur.
M.Məmmədovun sözlərinə görə, əsas məqsəd həm ilkin istehsalla, həm də ilkin emalla məşğul olan təsərrüfatların sistemdə qeydiyyatdan keçməsinə, məhsullarını bəyan etməsinə və daha dolğun məlumat bazasının formalaşmasına nail olmaqdır.
Toxumçuluq sahəsinə də toxunan nazir bildirib ki, son illərdə nəzarət gücləndirilib və standartlara cavab verməyən məhsullar toxum kimi qəbul edilmir.
O vurğulayıb ki, statistikada toxum istehsalının azalması kimi görünən göstəricilər əslində keyfiyyət tələblərinə cavab verən toxumun real həcmini əks etdirir.
Nazirin sözlərinə görə, bu ilin payız əkinlərindən etibarən beş hektardan artıq sahədə arpa və buğda əkən fermerlər üçün sertifikatlı toxumdan istifadə tələbi qoyulub. Məqsəd ölkə üzrə məhsuldarlığı artırmaq və keyfiyyətli toxum istehsalçıları üçün satış bazarını formalaşdırmaqdır.
“Ölkədə hər il təxminən 800 min–1 milyon hektar sahədə taxıl əkilir və bu, təxminən 250–350 min fermeri əhatə edir. Sertifikatlı toxumdan istifadə həmin sahələrdə daha keyfiyyətli və məhsuldar istehsala nail olmağın əsas yollarından biridir”, – deyə M.Məmmədov bildirib.
