Bakı. Trend:
2027-ci ildə dövlət müəssisələrinin dövlət büdcəsinə 872 milyon manat dividend ödəməsi proqnozlaşdırılır.
Bu barədə 2027-ci ilin dövlət büdcəsinin əsas göstəricilərinin əks olunduğu büdcə zərfinin layihəsində qeyd olunub.
Sənədə əsasən, səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər üzrə daxilolmaların 872 milyon manat təşkil edəcəyi gözlənilir. Bu, 2026-cı ilin proqnozu ilə müqayisədə 272 milyon manat və ya 45,3 faiz, 2025-ci ilin icrası ilə müqayisədə isə 235,4 milyon manat və ya 37 faiz çoxdur.
Dividend daxilolmalarının artması dövlət müəssisələrinin xalis mənfəətinin bölüşdürülməsi və dividend siyasətinin ümumi parametrlərinə dair qaydaların tətbiqi ilə əlaqələndirilir. Azərbaycan Prezidentinin 2025-ci il 29 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş qaydalara əsasən, dövlət mülkiyyətində olan və səhmlərinin nəzarət zərfi dövlətə məxsus hüquqi şəxslərin dövlət büdcəsinə dividend ödəməsi öhdəliyi müəyyən edilib.
Qeyd olunur ki, 2027-ci ildə SOCAR-dan dövlət büdcəsinə 434 milyon manat, "Azərbaycan Beynəlxalq Bankı" ASC-dən isə 175 milyon manat dividend daxilolması proqnozlaşdırılır.
Bununla yanaşı, ilk dəfə dividend ödəyəcək təşkilatlardan dövlət büdcəsinə ümumilikdə 263 milyon manat vəsaitin daxil olması nəzərdə tutulur. Bu məbləğin 71,3 milyon manatı "Azərsilah" Müdafiə Sənayesi Holdinqinin, 48,8 milyon manatı "Azərbaycan Hava Yolları" QSC-nin, 39,6 milyon manatı "Azərgold" QSC-nin, 36,5 milyon manatı "Azərenerji" ASC-nin, 21,3 milyon manatı "Azercell Telekom" MMC-nin payına düşür.
Bundan başqa, "Azərbaycan Biznesinin İnkişafı Fondu" ASC-dən 7,9 milyon manat, "Azəralüminium" MMC-dən 4 milyon manat, Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi PHŞ-dən 3,1 milyon manat, "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" PHŞ-dən 2,3 milyon manat, "Azərişıq" ASC-dən 2,4 milyon manat, digər dövlət müəssisələrindən isə ümumilikdə 25,8 milyon manat dividend daxilolması gözlənilir.
Beləliklə, 2026-cı ildə dövlət büdcəsinə dividend ödəyən müəssisələrin sayı 2 olduğu halda, 2027-ci ildə bu göstəricinin 52-yə çatdırılması nəzərdə tutulur.
Layihəyə əsasən, büdcə təşkilatlarının ödənişli xidmətlərindən dövlət büdcəsinə 949 milyon manat vəsaitin daxil olması proqnozlaşdırılır. Bu, 2026-cı ilin proqnozu ilə müqayisədə 72 milyon manat və ya 7,1 faiz az, 2025-ci ilin icrası ilə müqayisədə isə 269,4 milyon manat və ya 39,6 faiz çoxdur.
Sair daxilolmalar üzrə isə 484 milyon manat vəsaitin dövlət büdcəsinə daxil olması nəzərdə tutulur. Bu, cari ilin proqnozundan 143 milyon manat və ya 41,9 faiz çoxdur.
Ümumilikdə, 2027-ci il üçün dövlət büdcəsinin gəlirləri 39 milyard 254 milyon manat proqnozlaşdırılır. Bu, 2026-cı ilin proqnozu ilə müqayisədə 645 milyon manat və ya 1,7 faiz, 2025-ci ilin icrası ilə müqayisədə isə 69,4 milyon manat və ya 0,2 faiz çoxdur.
Gələn il dövlət büdcəsinin xərclərinin 42 milyard 400 milyon manat olacağı gözlənilir. Bu, 2026-cı ilin proqnozu ilə müqayisədə 696,4 milyon manat və ya 1,7 faiz, 2025-ci ilin icrası ilə müqayisədə isə 3 milyard 795,4 milyon manat və ya 9,8 faiz çoxdur.
2027-ci il dövlət büdcəsinin kəsirinin yuxarı həddi isə 3 milyard 146 milyon manat və ya ümumi daxili məhsulun (ÜDM) 2,2 faizi səviyyəsində müəyyən edilib.
