Azərbaycanda yaşayış minimumu 2030-cu ilədək 359 manata çatdırılacaq

İqtisadiyyat Xəbər 5 Noyabr 2026 12:53 (UTC +04:00)
Azərbaycanda yaşayış minimumu 2030-cu ilədək 359 manata çatdırılacaq
Sadiq Cavadov
Sadiq Cavadov
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı. Trend:

2027-ci ildə Azərbaycanda yaşayış minimumunun 314 manat, əmək qabiliyyətli əhali üçün 334 manat, pensiyaçılar üçün 258 manat, uşaqlar üçün isə 274 manat təşkil etməsi nəzərdə tutulur.

Bunu iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Milli Məclisin Əmək və sosial siyasət komitəsi ilə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin birgə iclasında "Dövlət sosial müdafiə fondunun 2027-ci il büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, 2026-cı ildə ölkə üzrə yaşayış minimumu 300 manat, əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün isə 260 manat müəyyən edilib.

Nazir müavini bildirib ki, 2027–2030-cu illər üzrə ölkə üzrə yaşayış minimumunun müvafiq olaraq 314 manat, 329 manat, 344 manat və 359 manat olacağı proqnozlaşdırılır.

S.Ələkbərov iqtisadi artım və yeni iş yerlərinin yaradılmasında investisiya fəallığının mühüm rol oynadığını da vurğulayıb.

"Cari ilin 9 ayında əsas kapitala investisiyalar real ifadədə 10,9 faiz, qeyri-neft-qaz sektorunda özəl investisiyalar isə təxminən 21 faiz artmışdır. Bu investisiyalar yeni istehsal və xidmət sahələrinin inkişafına, regionlarda iqtisadi fəallığın və məşğulluğun genişlənməsinə imkan yaradır", – deyə o qeyd edib.

Nazir müavini qarşıdakı dövr üçün əsas iqtisadi prioritetləri də açıqlayıb.

Onun sözlərinə görə, qarşıda duran əsas vəzifələr qəbul edilmiş dəstək alətlərinin tam tətbiqi və onların iqtisadi təsirinin mütəmadi qiymətləndirilməsi, sənaye və istehsal layihələri üçün uzunmüddətli maliyyələşmə mexanizmlərinin yaradılması, qeyri-neft-qaz ixracının həcminin və coğrafiyasının genişləndirilməsidir.

Bununla yanaşı, strateji investisiya layihələrinin sürətləndirilmiş icrası, nəqliyyat dəhlizləri boyunca iqtisadi fəallığın təşviqi, 2027–2030-cu illər üzrə sosial-iqtisadi inkişaf strategiyasının və Böyük Qayıdışa dair ikinci Dövlət Proqramının icrasının təmin edilməsi də prioritetlər sırasındadır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti