Bakı. Trend:
Balıqçılıq və akvakultura təsərrüfatları yaradılarkən su ehtiyatları və suya tələbat əvvəlcədən qiymətləndirilməlidir. Təsərrüfat qurulduqdan sonra su təminatı ilə bağlı müraciət edilməsi su ehtiyatlarının idarə olunmasını və bölüşdürülməsini çətinləşdirir.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu fikirləri cümə axşamı Bakıda keçirilən Birinci Azərbaycan Regional Akvakultura Forumunun “Xəzərdən təsərrüfata: Balıq ehtiyatlarının qorunmasında akvakulturanın rolu” adlı panelində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin Suların istifadəsinə və mühafizəsinə nəzarət şöbəsinin müdiri Ataxan Bədəlov deyib.
O bildirib ki, ölkənin su ehtiyatlarının 70 faizindən çoxunun transsərhəd mənbələr hesabına formalaşması bu məsələyə həssas yanaşmağı tələb edir. Qlobal iqlim dəyişmələri fonunda gələcəkdə yarana biləcək su çatışmazlığı riskləri də nəzərə alınmalıdır.
A.Bədəlovun sözlərinə görə, hər ilin əvvəlində müxtəlif sahələrin suya tələbatı əsasında limitlər müəyyənləşdirilir və suyun bölüşdürülməsi planlaşdırılır. Balıqçılıq təsərrüfatlarının müraciətlərini vaxtında təqdim etməməsi onların tələbatının həmin planlarda nəzərə alınmasını çətinləşdirir.
“Bu, həmin təsərrüfatlara su verilməməsi demək deyil. Lakin fəaliyyətə başlamazdan əvvəl mövcud vəziyyətin qiymətləndirilməsini və su təminatının planlaşdırılmasını daha məqsədəuyğun hesab edirik”, – deyə o qeyd edib.
Şöbə müdiri bildirib ki, bəzi hallarda su obyektlərindən və onların akvatoriyalarından özbaşına istifadə faktları da aşkarlanır. Belə halların qarşısının alınması üçün Balıqçılıq və Akvakultura Mərkəzi ilə birlikdə regionlarda sahibkarlarla görüşlər və maarifləndirmə tədbirləri keçirilib.
O vurğulayıb ki, əsas məqsəd su ehtiyatlarından səmərəli istifadəni təmin etməklə balıqçılıq və akvakulturanın inkişafına dəstək verməkdir. Bu baxımdan suya qənaət edən müasir texnologiyaların tətbiqi təşviq olunur.
A.Bədəlov balıqçılıq təsərrüfatlarında yaranan tullantı sularının yenidən su obyektlərinə axıdılması məsələsinə də toxunub. O bildirib ki, qanunvericilikdə bununla bağlı konkret tələblər müəyyənləşdirilib.
“Çalışırıq ki, maarifləndirmə yolu ilə su obyektlərinə zərərli maddələrin axıdılmasının qarşısını alaq. Müvafiq təmizləyici qurğuların quraşdırılması ilə bağlı metodiki kömək göstərmişik və bundan sonra da göstərməyə hazırıq”, – deyə ADSEA rəsmisi əlavə edib.
