Akvakulturaya subsidiyalar balıq qiymətlərinin daha sabit və əlçatan olmasına şərait yaradacaq – Elşən Məcidov

Cəmiyyət Xəbər 5 Noyabr 2026 14:57 (UTC +04:00)
Akvakulturaya subsidiyalar balıq qiymətlərinin daha sabit və əlçatan olmasına şərait yaradacaq – Elşən Məcidov
Firayə Nurizadə
Firayə Nurizadə
Müxbir Bütün xəbərlər

Bakı. Trend:

Gələn ildən akvakultura təsərrüfatlarına subsidiyaların verilməsi istehsalın stimullaşdırılmasına, bazarda balıq məhsullarının qiymətinin daha sabit və əlçatan olmasına şərait yaradacaq.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu fikirləri cümə axşamı Bakıda keçirilən Birinci Azərbaycan Regional Akvakultura Forumunun “Xəzərdən təsərrüfata: Balıq ehtiyatlarının qorunmasında akvakulturanın rolu” adlı panelində Balıqçılıq və Akvakultura Mərkəzinin direktor müavini Elşən Məcidov deyib.

O bildirib ki, təbii su hövzələrində balıq ovunun mövsümi xarakter daşıması bazarda məhsul təklifinin qeyri-sabitliyinə səbəb olur. Bəzi mövsümlərdə bazara böyük həcmdə balıq daxil olduğu halda, digər dövrlərdə təklif azalır və qıtlıq müşahidə edilir.

“Akvakultura istehsalının ilboyu və sabit şəkildə təşkili bazarın davamlı olaraq balıq məhsulları ilə təmin edilməsinə imkan yaradır. Bu şəraitdə məhsulun keyfiyyətinə nəzarət etmək, istehsal prosesini idarə etmək və əvvəlcədən müəyyən edilmiş nəticələrə nail olmaq imkanları daha genişdir”, – deyə E.Məcidov qeyd edib.

Mərkəzin direktor müavini vurğulayıb ki, akvakultura istehsalçıya bazarın şərtlərini və istehlakçı tələbatını nəzərə alaraq fəaliyyətini əvvəlcədən planlaşdırmağa, məhsul təklifini idarə etməyə imkan verir. Təbii su hövzələrində ovun mövsümdən və təbii amillərdən asılılığı səbəbindən bu imkanlar daha məhduddur.

Onun sözlərinə görə, akvakulturanın inkişafı balıq məhsullarının emalı, saxlanılması və daşınması, həmçinin soyuducu anbar və komplekslərin yaradılması kimi əlaqəli sahələrə də müsbət təsir göstərir.

E.Məcidov əlavə edib ki, balıq istehsalı qırmızı ət və bəzi quşçuluq məhsullarının istehsalı ilə müqayisədə maya dəyəri və iqtisadi səmərəlilik baxımından üstünlüklərə malik ola bilər.

O bildirib ki, akvakultura təsərrüfatlarının genişləndirilməsi əhalinin keyfiyyətli, zülalla zəngin balıq məhsulları ilə daha əlçatan qiymətlərlə təmin olunmasına və ölkənin ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə xidmət edir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti