Bakı.Trend:
Buxarestdə “Xəzər dənizi-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsi ilə bağlı görüş keçiriləcək.
Bu barədə layihənin hazırlanması ilə məşğul olan "Green Energy Corridor Company" (GECO) şirkətinin məlumatında bildirilib.
Məlumata görə, GECO-nun Direktorlar Şurası növbəti iclasını keçirərək layihə üzrə son nailiyyətləri nəzərdən keçirib və onun gələcək icrası istiqamətlərini müəyyənləşdirib.
“Direktorlar Şurası oktyabrın 22-də Bakıda keçirilmiş və potensial investorları, beynəlxalq maliyyə institutlarını və tərəfdaşları bir araya gətirmiş investisiya forumunun nəticələrini nəzərdən keçirib. Forum zamanı layihəyə göstərilən yüksək maraq onun regional enerji təhlükəsizliyi və yaşıl keçid baxımından strateji əhəmiyyətini təsdiqləyir”, - deyə şirkətdən bildirilib.
Direktorlar Şurası idarə heyətinin yeni tərkibini və yeni baş direktorun səlahiyyətlərini təsdiqləyib.
“Görüşdə noyabrın sonunda Buxarestdə keçirilməsi planlaşdırılan növbəti nazirlər görüşünə hazırlıq məsələləri müzakirə olunub. Həmin görüşdə tərəfdaş ölkələr əldə edilmiş irəliləyişi nəzərdən keçirəcək və növbəti addımları razılaşdıracaqlar. Direktorlar Şurası investorlar və maliyyə institutları ilə işin davam etdirilməsi də daxil olmaqla, layihə üzrə maliyyələşdirmənin yekunlaşdırılmasına nail olmaq üçün növbəti addımları müəyyənləşdirib”, - deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, “Xəzər dənizi – Qara dəniz – Avropa Yaşıl Enerji Dəhlizi” Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın iştirakı ilə həyata keçirilən transsərhəd elektrik enerjisi ötürülməsi layihəsidir. Layihənin əsası Avropa Komissiyasının iştirakı ilə 2022-ci il dekabrın 17-də Buxarestdə imzalanmış Strateji Tərəfdaşlıq Sazişi çərçivəsində qoyulub.
Layihə ümumi gücü 3,9 giqavat (QVt) olan enerji dəhlizinin yaradılmasını nəzərdə tutur. Dəhliz hər birinin gücü 1,3 QVt olan üç xətdən ibarət olacaq.
Layihənin hazırlanması ilə Buxarestdə qeydiyyatdan keçmiş və dörd ölkənin milli elektrik şəbəkəsi operatorlarına məxsus Green Energy Corridor Power Company (GECO) birgə şirkəti məşğul olur.
Şirkətin səhmlərinin hər birinin 25 faizi Azərbaycan tərəfdən “AzərEnerji”yə, Gürcüstan tərəfdən "Georgian State Electrosystem"ə, Rumıniya tərəfdən "Transelectrica"ya və Macarıstan tərəfdən MVM-ə məxsusdur.
Layihə Avropa Elektrik Enerjisi Ötürmə Sistemi Operatorları Şəbəkəsinin (ENTSO-E) 2026-cı il üzrə Şəbəkənin İnkişafı üzrə Onillik Planına (TYNDP) 1248 və 1244 nömrələri ilə daxil edilib.
Layihəyə ümumi investisiyaların həcmi 22 milyard avro qiymətləndirilir. Bu məbləğin 14,3 milyard avrosu elektrik enerjisinin ötürülməsi sisteminə, 7,8 milyard avrosu isə bərpaolunan enerji mənbələri əsasında generasiya güclərinin yaradılmasına yönəldiləcək.
Layihənin 2040-cı ilədək tam ötürmə gücünə çatacağı gözlənilir.
Layihənin texniki-iqtisadi əsaslandırmasının nəticələri 2026-cı il oktyabrın 22-də Bakıda təqdim olunub.
