Bakı. Trend:
Azərbaycanda adambaşına illik balıq istehlakı təxminən 7 kiloqram olduğu halda, dünyada bu göstərici 20–21 kiloqram səviyyəsindədir.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu fikirləri cümə axşamı Bakıda keçirilən Birinci Azərbaycan Regional Akvakultura Forumunun “Xəzərdən təsərrüfata: Balıq ehtiyatlarının qorunmasında akvakulturanın rolu” adlı panel sessiyasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri, respublikanın baş baytar müfəttişi Qalib Əbdüləliyev deyib.
O bildirib ki, bu fərq ölkədə balıq istehsalı və istehlakının artırılması istiqamətində görüləcək işlərin çox olduğunu göstərir.
Q.Əbdüləliyev akvakultura təsərrüfatlarının yaradılması zamanı bioloji təhlükəsizlik tələblərinin nəzərə alınmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, “Vahid sağlamlıq” yanaşması çərçivəsində həm yetişdirilən balıqların, həm də ətraf mühitin sağlamlığı paralel qorunmalıdır.
“Akvakulturada istifadə olunan suyun tərkibinə və bakterioloji vəziyyətinə nəzarət edilməlidir. Təsərrüfatların su mənbələrinə yaxın ərazilərdə yaradılması daha məqsədəuyğundur. Çünki su müxtəlif ərazilərdən keçdikcə ətraf mühitin və təsərrüfat fəaliyyətinin təsiri ilə çirklənə bilər”, – deyə o qeyd edib.
AQTA rəsmisi əlavə edib ki, təsərrüfatın yaradılacağı ərazidə torpaq və süxurların kimyəvi tərkibi, bakterioloji vəziyyəti də laboratoriyada araşdırılmalıdır. Təsərrüfatlarda saxlanılan balıqlar arasında xəstəliklərin müntəzəm monitorinqi aparılmalıdır.
Q.Əbdüləliyev bildirib ki, balıq məhsullarının ixracı üçün təhlükəsizlik tələblərinə uyğunluğun təsdiqlənməsi və müvafiq hesabatların təqdim olunması vacibdir. Bu tələblər zərərli maddələrə, o cümlədən ağır metallara nəzarəti və xəstəliklərin monitorinqinin nəticələrini əhatə edir.
O, dövlət dəstəyi ilə nəzarət olunan balıq xəstəliklərinin siyahısının genişləndirilməsi təşəbbüsü ilə çıxış etdiklərini də diqqətə çatdırıb.
Baş baytar müfəttişi bəzi parazitar xəstəliklərin insan sağlamlığı üçün də təhlükə yaratdığını vurğulayaraq, akvakultura təsərrüfatlarında mütəxəssis nəzarətinin və dövri müayinələrin əhəmiyyətini qeyd edib.
