Bakı.Trend:
Böyük Britaniyanın Mərkəzi Bankı funksiyasını yerinə yetirən İngiltərə Bankı son üç ildə ilk dəfə uçot dərəcəsini 25 baza bəndi artıraraq 4 faizə çatdırıb.
TASS-ın məlumatına görə, bu barədə tənzimləyici qurumun bəyanatında bildirilib.
“2026-cı il noyabrın 4-də başa çatan iclasda Pul-Kredit Siyasəti Komitəsi səs çoxluğu ilə (səkkiz nəfər lehinə, bir nəfər əleyhinə) bank əsas faiz dərəcəsinin 25 baza bəndi artırılaraq 4 faizə çatdırılmasına səs verib. Komitənin bir üzvü isə faizin 50 baza bəndi artırılaraq 4,25 faizə çatdırılmasını dəstəkləyib”, – deyə tənzimləyici qurum qeyd edib.
Britaniyada uçot dərəcəsi sonuncu dəfə 2023-cü ilin avqustunda artırılıb. Qərar London Siti maliyyə dairəsinin əksər ekspertlərinin gözləntiləri ilə üst-üstə düşüb.
İngiltərə Bankı bu addımı ölkədə inflyasiyanın sürətlənməsi fonunda atıb. Sentyabrda inflyasiya son 11 ayın ən yüksək göstəricisinə – 3,5 faizə çatıb. Bununla belə, tənzimləyici qurum inflyasiyanı 2 faiz səviyyəsində saxlamağı hədəfləyir. İnflyasiyanın sürətlənməsinə əsasən, ABŞ və İsrailin İrana qarşı müharibəsi nəticəsində enerji daşıyıcılarının qiymətlərinin artması səbəb olub.
