Paraqvayda ölkənin altıncı ən böyük bankı olan “Ueno Bank”ın fəaliyyətində ciddi maliyyə problemlərinin aşkarlanmasından sonra bank böhranı yaşanıb. Nəticədə ölkənin yetkin əhalisinin təxminən 60 faizini təşkil edən 3 milyondan çox insan bank hesablarındakı vəsaitlərinə və pensiyalarına çıxış imkanını itirib.
Bu barədə “Bloomberg” məlumat yayıb.
Məlumata görə, ödəniş qabiliyyəti ilə bağlı ciddi problemlər aşkarlandıqdan sonra Mərkəzi Bank “Ueno Bank”a nəzarəti ələ keçirib.
Hakimiyyət orqanlarının müdaxiləsindən sonra bankın mobil tətbiqi, kredit kartları və pul köçürmələri tamamilə bloklanıb. Nəticədə müştərilər öz vəsaitlərindən istifadə edə bilməyiblər.
Böhrandan zərər çəkənlər arasında bankda təxminən 380 milyon dollar yerləşdirən dövlət pensiya fondu IPS də var.
Tənzimləyici qurum bankın ləğv edilməsini və kredit portfelinin satışını nəzərdə tutur. Qurumun qiymətləndirməsinə görə, əmanətçilərin 98 faizi kompensasiya ala biləcək. Lakin istiqraz sahiblərinə sığorta ödənişləri şamil olunmayacaq.
Paraqvay prokurorluğu artıq bankın rəhbəri və kredit təşkilatının əsas səhmdarı olan “Grupo Vázquez” şirkətinin rəhbəri də daxil olmaqla, səkkiz nəfərin həbsinə göstəriş verib.
Qeyd edək ki, qalmaqal ölkə Prezidenti Santyaqo Penya üçün də ciddi siyasi zərbə hesab olunur. O, 2025-ci ilin martına qədər “Ueno” holdinqində pay sahibi olub. Məlumata görə, Penya hakimiyyətə gəldikdən sonra dövlət qurumlarının bankda yerləşdirdiyi depozitlərin həcmi təxminən 800 milyon dollara çatıb.
