Bakı. Trend:
Estoniyanın informasiya texnologiyaları (İT) sahəsində fəaliyyət göstərən şirkətlərinin Azərbaycana cəlb olunması imkanları dəyərləndirilib.
Bu barədə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" hesabında paylaşım edib.
"Estoniyanın iqtisadiyyat və sənaye naziri Liina Vahtras ilə görüş keçirdik.
Görüşdə Estoniyanın İT şirkətlərinin ölkəmizə cəlb olunması, onların yerli şirkətlərlə əməkdaşlığının təşviqi və Azərbaycanda biznes fəaliyyətinin genişləndirilməsi imkanlarını müzakirə etdik.
Eyni zamanda iki ölkənin biznes dairələri arasında əlaqələrin gücləndirilməsi, qarşılıqlı biznes forumlarının və digər birgə tədbirlərin təşkili məsələləri ətrafında fikir mübadiləsi apardıq", - paylaşımda qeyd edilib.
Əlavə edək ki, nazir Rəşad Nəbiyev bundan əvvəlki paylaşımında da Azərbaycan və Estoniya arasında informasiya kommunikasiya texnologiyaları (İKT) sahəsində əməkdaşlıq imkanlarının müzakirə edildiyini bildirmişdi.
"Estoniyanın İnformasiya Texnologiyaları və Telekommunikasiya Assosiasiyasının (ITL) təşkilatçılığı ilə İT şirkətlərindən ibarət nümayəndə heyəti ilə dəyirmi masa keçirdik.
Dəyirmi masa çərçivəsində Azərbaycanda rəqəmsallaşma sahəsində həyata keçirilən son yeniliklər, qəbul edilmiş yeni qanunvericilik paketi və texnologiya sektorunda yaradılan imkanlar barədə Estoniya şirkətlərinə məlumat verdik.
Həmçinin İKT sahəsində əməkdaşlığın genişləndirilməsi, Estoniya şirkətlərinin Azərbaycan bazarına çıxış imkanları və birgə layihələrin həyata keçirilməsi perspektivlərini müzakirə etdik", - paylaşımda bildirilmişdi.
