Bakı. Trend:
Qarabağda investisiya məqsədilə torpaqların verilməsi mexanizminə balıqçılıq fəaliyyətinin də daxil edilməsi üçün dəyişiklik layihəsi hazırlanıb.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu barədə cümə axşamı Bakıda keçirilən Birinci Azərbaycan Regional Akvakultura Forumunun “Akvakulturanın yeni inkişaf mərhələsi: dövlət siyasəti, hüquqi və institusional çərçivə, habelə özəl sektorun rolu” adlı panelində Kənd Təsərrüfatı Nazirliyinin Hüquq və icra intizamı şöbəsinin müdiri Yasər Abdullayev deyib.
O bildirib ki, hazırkı mexanizm əsasən heyvandarlıq, bitkiçilik və arıçılıq istiqamətlərini əhatə edir. Təklif olunan dəyişiklik qəbul edilərsə, sahibkarlar Qarabağda balıqçılıq layihələri üçün də investisiya qaydasında torpaq götürə biləcəklər.
Y.Abdullayevin sözlərinə görə, aqroparklar haqqında nümunəvi əsasnaməyə balıqçılığın daxil edilməsi istiqamətində də ilkin layihə hazırlanır.
Şöbə müdiri akvakultura təsərrüfatlarında bərpa olunan enerji qurğularının yerləşdirilməsini asanlaşdıracaq dəyişiklik üzərində də iş aparıldığını bildirib.
“Akvakultura müəssisəsində günəş panelləri, külək və ya digər bərpa olunan enerji qurğuları yerləşdirilərkən torpağın kateqoriyasının dəyişdirilməsi tələbindən azadolmanı nəzərdə tuturuq. Niyyətimiz sahibkarları bu inzibati yükdən azad etməkdir”, – deyə o qeyd edib.
Y.Abdullayev ətraf mühitə təsirin qiymətləndirilməsi ilə bağlı qanunvericiliyə edilmiş dəyişikliyə də toxunub. Onun sözlərinə görə, əvvəllər akvakultura təsərrüfatları istehsal həcmindən asılı olmayaraq, müvafiq qiymətləndirmədən keçməli idisə, yeni dəyişikliklə 500 ton həddi müəyyənləşdirilib.
O bildirib ki, istehsal həcmi 500 ton və daha çox olan obyektlər üçün ətraf mühitə təsirin qiymətləndirilməsi sənədinin alınması tələb olunur. Bu həddən aşağı istehsal gücünə malik obyektlər üçün isə həmin tələb aradan qaldırılıb.
Şöbə müdiri vurğulayıb ki, yeni redaksiyada balıqçılıq infrastrukturu, akvakultura təsərrüfatları və balıqçılıq obyektlərinin istehsal həcmi ilə bağlı anlayışlardan istifadə olunması tənzimləmənin əhatə dairəsini genişləndirir.
Y.Abdullayev əlavə edib ki, dəyişiklik layihələri Balıqçılıq və Akvakultura Mərkəzi və sahə nümayəndələri ilə əməkdaşlıq şəraitində hazırlanır. Məqsəd ərzaq təhlükəsizliyi və dövlətin maraqları nəzərə alınmaqla sektorun problemlərinin həllinə və sahibkarların inzibati yükünün azaldılmasına nail olmaqdır.
