Çin süni intellekt sahəsində Azərbaycanla əməkdaşlığı genişləndirməyə hazırdır

Telekommunikasiya Xəbər 6 Noyabr 2026 12:38 (UTC +04:00)
Çin süni intellekt sahəsində Azərbaycanla əməkdaşlığı genişləndirməyə hazırdır
Nilcan Baxşəliyeva
Nilcan Baxşəliyeva
Özbəkistan üzrə iqtisadi müxbir Bütün xəbərlər

Bakı.Trend:

Çin süni intellekt (Sİ) sahəsində Azərbaycanla əməkdaşlığı genişləndirməyə, o cümlədən təcrübə mübadiləsinə, beynəlxalq təşəbbüslərin inkişafına və rəqəmsal transformasiya üzrə birgə fəaliyyətə hazırdır.

Trend-in müxbirinin verdiyi məlumata görə, bunu cümə günü Çinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Lu Mey Bakıda keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, Qlobal Cənub ölkələri olan Çin və Azərbaycan qlobal idarəetmə, o cümlədən süni intellekt sahəsində beynəlxalq əməkdaşlıq məsələlərində yaxın mövqelərdən çıxış edirlər.

Lu Mey qeyd edib ki, Azərbaycan Çinin bu sahədəki təşəbbüslərini dəstəkləyir və Süni intellekt sahəsində potensialın artırılması üzrə Beynəlxalq Əməkdaşlıq Dostları Qrupunun fəaliyyətində iştirak edir. Azərbaycan nümayəndələri müvafiq seminar və təcrübə mübadiləsində iştirak etmək üçün dəfələrlə Çinə səfər ediblər.

Səfir bildirib ki, Pekin 2026-cı il Ümumdünya Süni İntellekt Konfransı çərçivəsində irəli sürülmüş beynəlxalq əməkdaşlıq proqramlarında Bakının iştirakına dəstək verməyə hazırdır.

O, həmçinin vurğulayıb ki, Azərbaycan hökuməti sosial-iqtisadi inkişafın rəqəmsal transformasiyasına böyük diqqət yetirir. Diplomat bu baxımdan Prezident İlham Əliyevin təsdiq etdiyi Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyasını və 2026–2029-cu illər üzrə Rəqəmsal İqtisadiyyatın İnkişafı Strategiyasını nümunə göstərib.

Lu Meyin qiymətləndirməsinə görə, iki ölkənin süni intellekt sahəsində əməkdaşlığı qarşılıqlı tamamlayıcı potensiala malikdir və birgə layihələr üçün geniş perspektivlər açır.

Çin tərəfi süni intellekt sahəsində Azərbaycanla qarşılıqlı fəaliyyəti gücləndirməyə, texnoloji inkişaf təcrübəsini bölüşməyə və rəqəmsal transformasiya üçün yeni imkanların yaradılmasına dəstək verməyə hazırdır.

Qeyd edək ki, Bakıda Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin 20-ci çağırışının Beşinci Plenumunun yekunlarına və Çin-Azərbaycan münasibətlərinin inkişafındakı son tendensiyalara həsr olunmuş brifinq keçirilir.

Tədbir Çinin Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunub.

Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin 20-ci çağırışının Beşinci Plenumu ölkənin sosial-iqtisadi inkişafının strateji istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Pekinin müxtəlif ölkələrlə iqtisadi və siyasi əlaqələrini genişləndirdiyi bir şəraitdə plenumun yekunları Çinin beynəlxalq tərəfdaşları üçün də maraq doğurur.

Son illərdə Azərbaycan və Çin ticarət-iqtisadiyyat, investisiya, nəqliyyat və enerji sahələrində əməkdaşlığı fəallaşdırıblar. İkitərəfli gündəlikdə, xüsusilə Orta Dəhliz çərçivəsində nəqliyyat əlaqələrinin inkişafı mühüm yer tutur. Bu dəhliz Çin üçün Mərkəzi Asiya və Cənubi Qafqaz vasitəsilə Avropa bazarlarına çıxış imkanı yaradır.

Brifinq Azərbaycan və Çin arasında strateji tərəfdaşlığın möhkəmləndiyi, eləcə də “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində əməkdaşlığın genişləndiyi bir vaxtda keçirilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti