Bakı.Trend:
Macarıstanın "MOL Group" şirkətinin Azərbaycandakı “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunda neft hasilatı 2026-cı ilin üçüncü rübündə gündəlik 11 300 barel neft ekvivalentinə (boepd) düşüb. Bu, 2025-ci ilin müvafiq dövrü ilə (13 200 boepd) müqayisədə 14,4% azdır.
Trend-in şirkətin məlumatları əsasında apardığı hesablamalara görə, 2026-cı ilin ikinci rübü ilə müqayisədə də hasilat göstəricisi azalıb. Belə ki, həmin dövrdə gündəlik 14 200 boepd təşkil edən hasilat üçüncü rübdə 20,4% aşağı düşüb.
2025-ci ilin yekunlarına görə, "MOL Group"un AÇG-də hasilatı gündəlik 13 400 boepd təşkil edib. 2024-cü ildə bu göstərici 12 700 boepd olub. Beləliklə, illik müqayisədə hasilat 5,5% artıb.
2026-cı ilin üçüncü rübündə Azərbaycanın "MOL Group"un ümumi hasilatındakı payı 29,3% (gündəlik 38 600 boepd) təşkil edib. Bu göstərici ilə Azərbaycan şirkətin hasilatına görə gündəlik 13 300 boepd hasilatın qeydə alındığı Macarıstandan sonra ikinci yerdə qərarlaşıb.
Qeyd edək ki, layihənin operatoru olan bp şirkətinin son məlumatlarına əsasən, 2026-cı ilin ilk doqquz ayında AÇG-də təxminən 87 milyon barel neft hasil edilib. 2025-ci ilin müvafiq dövründə bu rəqəm 89 milyon barel olub. Beləliklə, illik müqayisədə hasilat 2,25% azalıb.
Hesabata əsasən, 2026-cı ilin yanvar-sentyabr aylarında AÇG-də orta gündəlik neft hasilatı təxminən 320 min barel təşkil edib. O cümlədən, “Çıraq” platformasında gündəlik 18,8 min barel, “Mərkəzi Azəri”də 84,6 min barel, “Qərbi Azəri”də 72 min barel, “Şərqi Azəri”də 45,7 min barel, “Dərinsulu Günəşli”də 46,7 min barel, “Qərbi Çıraq”da 25,3 min barel, ACE platformasında isə 26,9 min barel neft hasil olunub.
“2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, yataqda 154 neft quyusu istismarda olub. Daha 50 quyudan su, 11 quyudan isə qaz vurulması üçün istifadə edilib”, - deyə bp-nin hesabatında bildirilir.
AÇG layihəsində iştirak payları aşağıdakı kimi bölüşdürülüb: bp (operator) – 30,37%, SOCAR – 35,30%, MOL – 9,57%, INPEX – 9,31%, ExxonMobil – 6,79%, TPAO – 5,73%, ONGC Videsh – 2,92%.
