Bakı.Trend:
Çin və Azərbaycan arasında münasibətlər dinamik inkişafını davam etdirir və əməkdaşlığın daha da genişləndirilməsi üçün əhəmiyyətli potensiala malikdir.
Trend-in müxbirinin verdiyi məlumata görə, bunu cümə günü Çinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Lu Mey Bakıda keçirilən brifinqdə bildirib.
Onun sözlərinə görə, cari ildə ikitərəfli əlaqələrin inkişafı iki ölkə liderlərinin strateji rəhbərliyi altında həyata keçirilir.
Lu Mey qeyd edib ki, Çin və Azərbaycanın aidiyyəti qurumları və strukturları ən yüksək səviyyədə əldə olunmuş razılaşmaların icrası istiqamətində sıx koordinasiyalı fəaliyyət göstərirlər.
Səfirin sözlərinə görə, bu iş iki ölkə arasında ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə və əməkdaşlıqda yeni praktiki nəticələrin əldə olunmasına töhfə verir.
Qeyd edək ki, Bakıda Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin 20-ci çağırışının Beşinci Plenumunun yekunlarına və Çin-Azərbaycan münasibətlərinin inkişafındakı son tendensiyalara həsr olunmuş brifinq keçirilir.
Tədbir Çinin Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunub.
Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin 20-ci çağırışının Beşinci Plenumu ölkənin sosial-iqtisadi inkişafının strateji istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Pekinin müxtəlif ölkələrlə iqtisadi və siyasi əlaqələrini genişləndirdiyi bir şəraitdə plenumun yekunları Çinin beynəlxalq tərəfdaşları üçün də maraq doğurur.
Son illərdə Azərbaycan və Çin ticarət-iqtisadiyyat, investisiya, nəqliyyat və enerji sahələrində əməkdaşlığı fəallaşdırıblar. İkitərəfli gündəlikdə, xüsusilə Orta Dəhliz çərçivəsində nəqliyyat əlaqələrinin inkişafı mühüm yer tutur. Bu dəhliz Çin üçün Mərkəzi Asiya və Cənubi Qafqaz vasitəsilə Avropa bazarlarına çıxış imkanı yaradır.
Brifinq Azərbaycan və Çin arasında strateji tərəfdaşlığın möhkəmləndiyi, eləcə də “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində əməkdaşlığın genişləndiyi bir vaxtda keçirilir.
