Bakı. Trend:
Hindistanın Müdafiə Tədqiqat və İnkişaf Təşkilatı (DRDO) uçuş zamanı manevr etmək və trayektoriyasını dəyişmək qabiliyyətinə malik yerli "Pralay" kvazi-ballistik raketini uğurla sınaqdan keçirib.
Bu barədə Hindistanın Müdafiə Nazirliyi məlumat yayıb.
Sınaqlar ölkənin şərqində yerləşən Odişa ştatının sahillərində keçirilib. Müdafiə Nazirliyinin məlumatına görə, sınaq raketin silahlanmaya qəbulundan əvvəl performans göstəricilərinin qiymətləndirilməsi çərçivəsində həyata keçirilib və qarşıya qoyulan bütün məqsədlərə nail olunub.
Hindistanın müdafiə naziri Rajnat Sinq bildirib ki, uğurlu sınaq ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi istiqamətində daha bir mühüm mərhələdir.
Qeyd edək ki, "Pralay" mobil yer-yer tipli kvazi-ballistik raketdir. Onun təkmilləşdirilmiş versiyası uçuş zamanı trayektoriyasını dəyişmək qabiliyyətinə malikdir. Raket 350-700 kiloqram ağırlığında qeyri-nüvə döyüş başlığı daşıya bilir.
