Fransada kütləvi etirazlar zamanı 448 nəfər saxlanılıb

Dünya xəbərləri Xəbər 6 Noyabr 2026 01:27 (UTC +04:00)
Müzəffər İbrahimov
Müzəffər İbrahimov
Bütün xəbərlər

Bakı. Trend:

Fransada noyabrın 5-də keçirilən kütləvi etiraz aksiyaları zamanı 448 nəfər saxlanılıb.

Bu barədə ölkənin Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Məlumata görə, bəzi ərazilərdə iğtişaşlarla müşayiət olunan etirazlar zamanı 53 hüquq-mühafizə orqanı əməkdaşı xəsarət alıb.

Axşama doğru etiraz yürüşlərinin əksəriyyəti ciddi insident olmadan başa çatsa da, Renn, Marsel, Nant, Lion, Bordo və Strasburq da daxil olmaqla, bir sıra şəhərlərdə radikal qrupların iştirakı ilə toqquşmalar baş verib. DİN-in məlumatına görə, iğtişaş iştirakçıları polis əməkdaşlarına müxtəlif əşyalar atıb və pirotexniki vasitələrdən istifadə ediblər.

Xüsusilə ciddi hadisələr Tuluzada qeydə alınıb. Strasburqda isə nümayiş zamanı iğtişaşların qarşısının alınmasında iştirak edən polis əməkdaşını təsvir edən maneken yandırılıb. Fransanın daxili işlər naziri Loran Nunyes bu hadisə ilə bağlı məlumatın səlahiyyətli orqanlara təqdim edilməsini tapşırıb.

DİN-in qiymətləndirməsinə görə, ölkə üzrə etiraz aksiyalarında təxminən 575 min nəfər iştirak edib. Onlardan 65 mini Parisdə nümayişə çıxıb. Bununla belə, Ümumi Əmək Konfederasiyası (CGT) iştirakçıların sayını daha yüksək qiymətləndirərək, paytaxtda 350 min nəfər olmaqla, ümumilikdə təxminən 1,57 milyon nəfərin aksiyalara qatıldığını bildirib.

Gün ərzində Fransada ümumilikdə 193 etiraz aksiyası keçirilib. Tətil və nümayiş iştirakçıları əməkhaqlarının artırılmasını və hakimiyyətin əlavə qənaət tədbirlərindən imtina etməsini tələb edirlər.

Xəbər lenti

Xəbər lenti