AMB və MFC mikromaliyyələşdirmənin inkişafını müzakirə edib

İqtisadiyyat Xəbər 5 Noyabr 2026 19:30 (UTC +04:00)
AMB və MFC mikromaliyyələşdirmənin inkişafını müzakirə edib
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı (AMB) və Mikromaliyyə Mərkəzi (MFC) mikromaliyyələşdirmənin və maliyyə inklüzivliyinin inkişafını müzakirə ediblər.

Bu barədə AMB-dən məlumat verilib.

Məlumata görə, AMB sədrinin müavini Toğrul Əliyev MFC-nin baş icraçı direktoru Katarina Pavlak ilə görüşüb.

“Görüş zamanı Azərbaycan Mərkəzi Bankı tərəfindən ölkədə sahibkarlığın və mikromaliyyələşdirmənin inkişafı istiqamətində həyata keçirilən tədbirlər, maliyyə inklüzivliyi sahəsində strateji prioritetlər, eləcə də maliyyə sektorunda innovasiyaların və texnoloji həllərin tətbiqinin genişləndirilməsi perspektivləri müzakirə olunub.

Bundan əlavə, tərəflər maliyyə sektorunun və biznesin inkişafında bank olmayan kredit təşkilatlarının rolu, onların fəaliyyətinin genişləndirilməsi istiqamətində görülən işlər barədə fikir mübadiləsi aparıb, bu sahədə beynəlxalq tərəfdaşlarla tənzimləyici qurumlar arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıblar”, - deyə bankdan bildirilib.

Qeyd edək ki, Mikromaliyyə Mərkəzi (Microfinance Centre, MFC) Avropa və Mərkəzi Asiyada mikromaliyyələşdirmə və sosial maliyyə sahəsində fəaliyyət göstərən təşkilatların regional şəbəkəsidir.

Təşkilat mikromaliyyə və sosial maliyyə xidmətləri göstərən qurumları, maliyyə kooperativləri sistemlərini, sosial maliyyələşdirmə banklarını, sosial təsir investisiyaçılarını, akademik müəssisələri, milli və beynəlxalq dəstək təşkilatlarını (o cümlədən konsaltinq şirkətlərini, İT və rəqəmsal həllər təminatçılarını), eləcə də milli şəbəkələri birləşdirir.

Təşkilat fəaliyyətində qabaqcıl təcrübə və davamlı inkişaf standartlarının tətbiqinə, bilik mübadiləsinə, müvafiq təşəbbüslərin təşviqinə, həmçinin Avropa və Mərkəzi Asiya regionunda şəbəkələşmənin inkişafına diqqət yetirir.

Xəbər lenti

Xəbər lenti