Bakı. Trend:
Gürcüstanın azərbaycanlıların yaşadığı Saqareco bələdiyyəsinin Ləmbəli kəndində iki qardaş güllələnərək öldürülüb. Hadisə zamanı üçüncü qardaş da atəşə tutulsa da, o, sağ qalaraq xilas ola bilib.
“Mtvavari Ambebi Kaxetidan” nəşrinin məlumatına görə, hadisəni törətməkdə şübhəli bilinən şəxs kənd sakinidir. İlkin məlumatlara əsasən, qardaşlar qohumlarının toyuna gedərkən silahlı hücuma məruz qalıblar. Onlar uzun illər Rusiyada yaşadıqdan sonra yaxın vaxtlarda doğma kəndlərinə qayıdıblar.
Məlumatına görə, hücum edən şəxs qardaşların yolunu kəsərək onlara atəş açıb. İki qardaş hadisə yerində ölüb, üçüncü qardaş isə yaralansa da, qaçaraq canını qurtara bilib.
Sağ qalan qardaş Elman Yusufov baş verənləri belə xatırlayıb:
“Biz dörd nəfər idik: üç qardaş və qonşumuz. Birdən avtomobil dayandı və atəş açılmağa başladı. Qardaşlarımdan biri qaçdı, digəri isə yerində qaldı. Hər ikisi həlak oldu. Mənə də atəş açdılar, amma qaçdım və güllə mənə dəymədi. Avtomobilə oturaraq xilas oldum. Bunun niyə baş verdiyini heç cür anlaya bilmirəm. Biz qonşuyuq, illərdir burada yaşayırıq. Əvvəllər aramızda heç bir münaqişə olmayıb. Polis artıq məni dindirib, bildiyim hər şeyi danışmışam”.
Qətlin mümkün motivi ilə bağlı yerli mediada fərqli məlumatlar yayılıb. Nəşrlərin yazdığına görə, tərəflər arasında illər əvvəl baş vermiş hadisə ilə əlaqədar münaqişənin olduğu ehtimal edilir. Belə ki, iddialara əsasən, şübhəlinin qardaşı öldürülən şəxslərin bacısının qızını qaçırıbmış. Sonradan qadın ailəsinə qaytarılıb, həmin şəxs isə ölkəni tərk edib və daha sonra vəfat edib.
Bununla belə, sağ qalan qardaş hadisədən əvvəl tərəflər arasında münaqişə olmadığını bildirib. Qətlin dəqiq motivi hələlik rəsmi şəkildə müəyyənləşdirilməyib.
Yerli medianın məlumatına görə, hadisədən sonra qaçmağa cəhd edən şübhəli şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına əsasən, faktla bağlı Cinayət Məcəlləsinin 109-cu maddəsi ilə araşdırma aparılır. Həmin maddə ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə cinayətini nəzərdə tutur və 20 ilədək azadlıqdan məhrumetmə və ya ömürlük həbs cəzası ilə nəticələnə bilər.
Qeyd edək ki, Ləmbəli kəndi Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı yaşayış məntəqələrindən biridir.
