İsveç Şengen ölkələri ilə sərhəd nəzarətini daha altı ay uzadıb

Dünya xəbərləri Xəbər 6 Noyabr 2026 07:54 (UTC +04:00)
Müzəffər İbrahimov
Müzəffər İbrahimov
Bütün xəbərlər

Bakı. Trend:

İsveç hökuməti daxili təhlükəsizliyə təhdidlərlə əlaqədar Şengen zonasına daxil olan ölkələrlə sərhəd nəzarətini daha altı ay müddətinə uzatmaq qərarına gəlib.

Bu barədə İsveçin Ədliyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasında bildirilib ki, qərar ictimai və daxili təhlükəsizliyə ciddi təhdidlərin mövcudluğu ilə bağlı qiymətləndirmələrə əsaslanır.

Qurumun məlumatına görə, hökumətin bu qiymətləndirmələri əsasən Ukrayna böhranı nəticəsində yaranmış təhlükəsizlik vəziyyəti ilə əlaqədardır. Bildirilib ki, mövcud vəziyyət Şengen zonasında hibrid təhdidlərin, eləcə də düşmən qüvvələrin hərəkət və fəaliyyətinin artmasına səbəb olub.

Nazirlik vurğulayıb ki, sərhəd nəzarətinin davam etdirilməsi İsveç hakimiyyət orqanlarına ölkənin milli təhlükəsizliyinə risk yaradan şəxsləri daha effektiv müəyyənləşdirməyə imkan verəcək.

Qeyd edək ki, İsveç 2015-ci il noyabrın 12-də Avropada miqrant axınının artması fonunda Şengen ölkələri ilə sərhəd nəzarətini bərpa edib. O vaxtdan bəri bu tədbirlər müxtəlif əsaslarla dəfələrlə uzadılıb.

Hökumətin yeni qərarı 2027-ci il mayın 11-dək qüvvədə olacaq.

Xəbər lenti

Xəbər lenti