Bakı. Trend:
8 Noyabr - Zəfər Günü münasibətilə Parisin tanınmış və tarixi səhnə məkanlarından biri olan Bobino Teatrında “Şərəf əks-sədaları” adlı təntənəli musiqi gecəsi təşkil edilib.
Bu barədə Azərbaycan Respublikasının Fransa Respublikasındakı
Səfirliyi məlumat yayıb.
Gecənin açılışında Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva
çıxış edərək, 8 Noyabr tarixinin Azərbaycanın müasir tarixində
xüsusi əhəmiyyətini vurğulayaraq, ölkənin ərazi bütövlüyü uğrunda
canlarından keçmiş qəhrəmanların xatirəsinin daim ehtiramla yad
edildiyini bildirib. Səfir Müzəffər Ali Baş Komandan, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında,
Azərbaycan ordusunun qətiyyəti və iradəsi, həmçinin xalqımızın
həmrəylik ruhu sayəsində qazanılmış Zəfərin tariximizə qızıl
hərflərlə yazıldığını qeyd etmişdir.
Milli şərəfin tarixi yaddaşla yanaşı, mədəni irsin qorunması və
gələcək nəsillərə ötürülməsində təcəssüm olunduğunu qeyd edən Leyla
Abdullayeva Azərbaycan musiqisinin xalqlar arasında mədəni dialoqun
və qarşılıqlı anlaşmanın inkişafına töhfəsini vurğulayıb. O,
gecənin Azərbaycan-Fransa dostluğunun, sülhün və qarşılıqlı
hörmətin rəmzinə çevriləcəyinə ümidvar olduğunu bildirib.
Gecənin musiqi proqramında Üzeyir Hacıbəyli, Qara Qarayev, Niyazi,
Asəf Zeynallı, Arif Məlikov və Fikrət Əmirov kimi görkəmli
Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib. Azərbaycan
bəstəkarlarının əsərləri Avropa klassik musiqi nümunələri ilə
vəhdətdə təqdim olunub. Proqramda Bizenin və Fransua Bornun
“Karmen”, eləcə də Kamil Sen-Sansın “Samson və Dalila” əsərlərindən
parçalar səsləndirilib.
Konsert Azərbaycan Milli Akademik Opera və Balet Teatrının baş
dirijoru Əyyub Quliyevin rəhbərliyi və Zoroastre ansamblının
dirijoru Savitri de Roşforun kamera orkestrinin müşayiəti ilə
keçirilib. Konsertdə Azər Azərbaycanın xalq artisti Fidan Hacıyeva,
əməkdar artist Ramil Qasımov və fleyta ifaçısı Ağarəhim Quliyev
çıxış etmişlər.
Tədbirdə diplomatik korpusun nümayəndələri, Fransa mədəniyyət
ictimaiyyətinin üzvləri, jurnalistlər, eləcə də Azərbaycan
icmasının nümayəndələri daxil olmaqla, ümumilikdə 600-ə yaxın qonaq
iştirak edib. Gecə iştirakçılar tərəfindən böyük maraq və rəğbətlə
qarşılanıb. Azərbaycan bəstəkarlarının ölməz əsərlərinin Avropa
klassik musiqiləri ilə bir arada təqdim olunması, tanınmış
sənətkarların ifaları və rəngarəng bədii proqram iştirakçılara
unudulmaz anlar yaşadıb. Tədbirin sonunda sənətçilər uzun müddət
davam edən alqışlarla səhnəyə dəvət edilərək təşəkkür və rəğbətlə
qarşılanıblar.
Tədbir çərçivəsində əməkdar rəssam Əsmər Nərimanbəyova və rəssam
Nərgiz Quliyevanın əsərləri də nümayiş etdirilib. Musiqi və təsviri
sənətin vəhdətini əks etdirən bu təqdimat tədbirin bədii məzmununu
daha da genişləndirərək Azərbaycan mədəniyyətinin zənginliyini
nümayiş etdirib.
