Bakı. Trend:
Dünyada quruda külək enerjisi istehsalının həcminin sürətlə artacağı, dənizdə külək enerjisi layihələrinin isə yüksək xərclər və gecikmələr səbəbindən nəzərdə tutulan templə inkişaf etməyəcəyi proqnozlaşdırılır.
Bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) “Bərpa olunan enerji 2026” (“Renewables 2026”) hesabatında qeyd olunub.
Hesabata əsasən, 2031-ci ilədək dünyada quruda külək enerjisi üzrə ümumi quraşdırılmış gücün 1,7 dəfə artaraq 2 040 giqavata çatacağı gözlənilir. Bu, əvvəlki altıillik dövrlə müqayisədə artım tempinin 40 faiz sürətlənməsi deməkdir.
Qeyd olunub ki, 2025-ci ildə dünyada quruda külək enerjisi üzrə yeni güclərin istifadəyə verilməsi 37 faiz artaraq təxminən 150 giqavata çatıb. Bu artım əsasən Çində əvvəlki dəstək mexanizmlərinin dəyişməsindən əvvəl layihələrin sürətlə reallaşdırılması ilə əlaqədar olub. Çin bazarında sonrakı yavaşlamaya baxmayaraq, illik yeni güclərin həcminin təxminən 140 giqavat səviyyəsində qalacağı proqnozlaşdırılır.
Hesabatda bildirilir ki, Avropada icazələrin alınması prosedurlarının sadələşdirilməsi və güclü dövlət dəstəyi, Hindistanda hibrid hərrac mexanizmləri, ASEAN ölkələrində isə yeni rəqabətli tenderlər quruda külək enerjisinin inkişafını sürətləndirən əsas amillərdir.
Bununla yanaşı, ABŞ-də vergi güzəştlərinin mərhələli şəkildə ləğv edilməsi külək enerjisi sektorunun artımını zəiflədir. Braziliya və Çili kimi ölkələrdə isə elektrik enerjisi istehsalının şəbəkənin ötürmə imkanlarını aşması və nəticədə istehsalın məhdudlaşdırılması layihələrin iqtisadi səmərəliliyinə mənfi təsir göstərərək Latın Amerikasında genişlənməni ləngidir.
Dənizdə külək enerjisi layihələrinə gəldikdə, 2026–2031-ci illərdə bu sahədə yeni güclərin ümumi həcminin 117 giqavata çatacağı gözlənilir. Bu, 2020–2025-ci illərlə müqayisədə təxminən iki dəfə çoxdur.
Lakin BEA-nın qiymətləndirməsinə görə, bu proqnoz ötənilki gözləntilərdən 27 faiz aşağıdır. Buna əsas səbəb kimi siyasət və tənzimləmə sahəsində qeyri-müəyyənliklər, təchizat zəncirində davam edən problemlər və yüksək maliyyələşdirmə xərcləri göstərilir.
Proqnoza əsasən, 2031-ci ilədək dənizdə külək enerjisi üzrə yeni güclərin 48 faizi Çinin payına düşəcək. Bununla belə, layihələrin yüksək xərcləri və rəqabətli hərrac mexanizmlərinə keçiddən sonra iqtisadi cəlbediciliyinin azalması ölkə üzrə gözləntilərin aşağı salınmasına səbəb olub.
Avropada isə dəniz külək enerjisi layihələrinin inkişafının sürətlənərək 2031-ci ilədək illik təxminən 10 giqavat səviyyəsinə çatacağı proqnozlaşdırılır. Bu artımda əsas rolun Böyük Britaniyaya məxsus olacağı gözlənilir.
Böyük Britaniyadan kənarda isə Niderland, Almaniya və Belçikada iri layihələrin ləğvi və hərracların təxirə salınması səbəbindən dəniz külək enerjisi üzrə inkişaf proqnozları aşağı salınıb.
