Gəncə. Trend:
QHT-lərin dövlət maliyyələşməsində “bir pəncərə” sisteminin tətbiqi dövlətlə vətəndaş cəmiyyəti arasında əməkdaşlığı yeni mərhələyə daşıyacaq.
Trend-in Qarabağ bürosunun məlumatına görə, bu fikirləri Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri Aygün Əliyeva cümə günü Gəncədə keçirilən Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumunda çıxışı zamanı səsləndirib.
O bildirib ki, son illərdə agentlik QHT-lərlə birgə sektorun inkişafı, institusional potensialının gücləndirilməsi və beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində mühüm nəticələr əldə edib.
Qeyd olunub ki, ötən dövrdə 21 dövlət proqramı üzrə 113 tapşırığın icrasında 98,63 faiz göstəricisinə nail olunub. Eyni zamanda, dövlət-özəl sektor-QHT əməkdaşlığının yeni nümunələri formalaşdırılıb, Qarabağ Dirçəliş Fondu və BP ilə əməkdaşlıq həyata keçirilib.
A.Əliyeva beynəlxalq əməkdaşlıq sahəsində Qlobal Cənub QHT Platformasının yaradılmasını, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-ləri arasında əməkdaşlıq platformasının inkişafını mühüm nailiyyətlər kimi qiymətləndirib.
O, həmçinin Dünya Şəhərsalma Forumunun (WUF13) çərçivəsində QHT-lərin fəal iştirakının təmin edildiyini, pavilyonda beş gün ərzində 61 tədbirin təşkil olunduğunu diqqətə çatdırıb. Bildirib ki, WUF tarixində ilk dəfə 100-dən çox ölkədən 800-ə yaxın nümayəndənin iştirakı ilə QHT Forumu keçirilib.
Agentlik sədri vurğulayıb ki, qarşıdakı dövrdə milli həmrəyliyin və vətəndaş məsuliyyətinin gücləndirilməsi, informasiya təhlükəsizliyi, rəqəmsal maarifləndirmə, ictimai diplomatiya və beynəlxalq təmsilçilik əsas fəaliyyət istiqamətləri olacaq.
Onun sözlərinə görə, QHT-lərə göstərilən elektron xidmətlərin inkişafı, süni intellekt əsaslı beş həllin hazırlanması və QHT sektorunun sosial media aktivliyinin təşviqi də qarşıya qoyulan hədəflərdəndir.
A.Əliyeva gələn il agentliyin təşkilatçılığı ilə İslam Əməkdaşlıq Təşkilatı, AGEM və Mərkəzi Asiya formatı çərçivəsində əlaqələrin inkişaf etdirilməsinin, eləcə də BMT-nin ECOSOC statusuna malik QHT-lərinin Bakı Forumunun keçirilməsinin planlaşdırıldığını bildirib.
O, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və quruculuq prosesində QHT-lərin iştirakının vacibliyini də vurğulayıb. Qeyd edib ki, bu ərazilərdə dayanıqlı icmaların formalaşdırılması, sosial-humanitar mühitin inkişafı, məşğulluq, təhsil və sosial inteqrasiya məsələlərində vətəndaş cəmiyyətinin fəallığı mühüm əhəmiyyət daşıyır.
Agentlik sədri əlavə edib ki, son dörd ildə həyata keçirilən inkişaf və mübadilə proqramları çərçivəsində 500-dən artıq QHT nümayəndəsinin bilik və bacarıqlarının artırılmasına töhfə verilib. Gənclərin QHT sektoruna cəlb edilməsi məqsədilə müxtəlif ali təhsil müəssisələrində də təqdimatlar təşkil olunub.
A.Əliyeva çıxışında dövlət dəstəyi mexanizmlərinin təkmilləşdirilməsi, QHT qanunvericiliyinin müasir tələblərə uyğunlaşdırılması və insan kapitalının gücləndirilməsinin də agentliyin prioritetləri sırasında olduğunu bildirib.
O vurğulayıb ki, vətəndaş cəmiyyətinin gücü yalnız mövcud problemləri ifadə etməkdə deyil, həm də onların həlli yollarını təklif etməkdə və ictimai məsuliyyəti təşviq etməkdədir.
“Dövlətin gücü onun institutlarında, cəmiyyətin gücü isə vətəndaşlarının fəallığında və həmrəyliyindədir. Agentlik olaraq bizim missiyamız bu iki gücü Azərbaycanın gələcəyi naminə birləşdirməkdir”, – deyə A.Əliyeva qeyd edib.
