Bakı. Trend:
Müharibənin özünəməxsus dili olur. O dil bəzən silah səsləri, bəzən yaralıların naləsi, bəzən də bir ömrə sığmayan qəhrəmanlıq hekayələridir. 44 günlük Vətən müharibəsində cəbhədə döyüşən igidlərimiz qədər onların həyatını xilas etmək üçün gecə-gündüz mübarizə aparan həkimlərimiz də Zəfər tariximizin qəhrəmanlarıdır. Onlar ölümün bir addımlığında həyata ümid oldular, yaralı əsgərlərin yaralarına məlhəm, ailələrinin dualarına təsəlli olmağa çalışdılar.
8 Noyabr – Zəfər Günü ərəfəsində həmin qəhrəmanlıq salnaməsinin şahidlərindən biri – Vətən müharibəsi zamanı Beyləqanda yaralı hərbçilərimizin həyatını xilas etmək üçün çalışan həkim-cərrah Səbuhi Sadıxovla həmsöhbət olduq. O, müharibə xəbərini necə qarşıladığından, cəbhəyə yollanmasından, ölüm-dirim mübarizəsi aparılan əməliyyat otaqlarından və yaddaşına silinməz iz buraxan hadisələrdən danışdı.
“Müharibədən bir həftə əvvəl cəbhəyə getməyə hazırlaşırdım, ailəm belə bilmirdi”
Səbuhi Sadıxov bildirib ki, müharibənin başlayacağı ilə bağlı müəyyən gərginliyi əvvəlcədən hiss edib. Hətta döyüşlər başlamazdan bir neçə gün əvvəl cəbhəyə getmək istəyini çalışdığı müəssisədə də dilə gətirib.
“Ümumiyyətlə, müharibə başlamamışdan təxminən bir həftə əvvəl hazırlıqlara başlamışdım. Mən hərbi həkiməm, üç il hərbi xidmətdə olmuşam. Həm batalyon həkimi, həm də tibb xidmətində çalışmışam.
Müharibəyə bir həftə qalmış hərbi komissarlıqdan zəng edib şəhərdə olub-olmadığımı soruşurdular. Bilirdilər ki, hərbi həkiməm. Həmin ərəfədə artıq 4-5 gün idi ki, Qarabağdan barıt iyi gəlirdi, kənardan səs-soraq eşidilirdi. Hərbi həkim olduğum üçün düşündüm ki, müəyyən hazırlıq görməliyəm. Əgər cəbhəyə getsəm, hərbi hissəyə və ya dostlarımızın yanına yollansam, özümə lazım olan ləvazimatları hazırlamalıyam. Bununla əlaqədar hazırlıqlarımı bir həftə əvvəldən görmüşdüm. Ailəmin, evdəkilərin isə bundan xəbəri yox idi. Şəxsi ləvazimatlarımı hazırlamışdım”, – deyə o qeyd edib.
Onun sözlərinə görə, müharibə başlamamışdan təxminən üç gün əvvəl çalışdığı idarəyə müraciət edərək bildirib ki, əgər müharibə başlasa, ona ayrı-seçkilik edilməsin.
Müharibə başlasa, icazə veriləcəyi təqdirdə cəbhəyə gedərək təcili cərrahiyyə üzrə fəaliyyət göstərmək istədiyimi bildirdim. Etiraz etmədilər. Onsuz da müharibəyə getməyə çox həvəsli olduğumu bilirdilər. Sentyabrın 27-də müharibə başladı. Bu, mənim üçün çox sevindirici xəbər idi. Düşündüm ki, artıq Vətən oğulları oyanır, Qarabağı azad etmək lazımdır. Belə bir məqamda Vətənin xidmətində, qulluğunda durmaq lazım idi.
Sentyabrın 28-də idarədən mənə zəng edərək cərrahi şöbələrdən iki həkimin cəbhəyə getməli olduğunu bildirdilər. “Hara desələr, ora, baş üstə”, – dedim. Çünki əvvəlcədən müraciət etmişdim və ilk mənə zəng etmişdilər. İki həkimə müraciət etdim. Onlardan biri gəncəli həmkarım idi. O, sözü qısa kəsərək yalnız “Hara gedirik?” deyə soruşdu. Mən də “Gedək, hazırlığımızı görək və yola düşək”, – dedim.
Vazeh doktorla birlikdə hazırlığımızı gördük, avtomobilimizi sazladıq və cəbhəyə yola düşdük. İnzibati binada baş həkimin müavini Aydın doktor və baş həkimimiz Hüseyn doktor da mənə məlumat verdilər. Mən isə “Baş üstə”, – dedim. Çünki istəyimi əvvəldən bildirmişdim”, – deyə müsahib əlavə edib.

“Beyləqanda hər gün ölüm və həyat arasında mübarizə aparırdıq”
Səbuhi həkimin sözlərinə görə, ilk olaraq Füzuli xəstəxanasına, tibbi məntəqəyə gediblər. Lakin orada kifayət qədər cərrah və travmatoloq olduğundan onları Beyləqana göndəriblər.
“İlk getdiyimiz gün, sentyabrın 28-də Füzuliyə, Füzuli xəstəxanasına yollandıq. Oraya çatanda gördük ki, çoxlu həkim var. Çünki çox sayda cərrah və travmatoloq cəbhə xəttinə yaxın hospitallara və xəstəxanalara axışırdı. Onlar sonradan formalaşdırılır, ehtiyaca uyğun olaraq hospital xarakterli fəaliyyət göstərirdilər.
Füzulidə həkim sayı çox olduğuna görə bizi digər istiqamətə yönləndirmək lazım gəldi. Artıq bu prosesə TƏBİB də qoşulmuşdu. Nəticədə bizə Beyləqan xəstəxanasına getmək üçün göndəriş verildi. Füzulidən Beyləqan xəstəxanasına gəldik. Bizimlə birlikdə Ağdaş xəstəxanasından, həmçinin Respublika xəstəxanasından 3-4 travmatoloq həkim də gəlmişdi. Oranın yerli həkimləri də var idi, amma bizim cərrahiyyə fəaliyyətimiz fərqli idi. Biz təcili və təxirəsalınmaz cərrahiyyə üzrə ixtisaslaşmışdıq.
Xəstəxanaya gələn kimi girişdən tutmuş şöbələrə qədər hər yerə baxış keçirdik. Ən vacib məsələlərdən biri triaj, yəni xəstələrin çeşidlənməsi sisteminin qurulması idi. Xəstələrin qəbulu və müayinəsi elə təşkil olunmalı idi ki, kimin ilkin müayinəyə, kimin sarğı otağına, kimin isə dərhal əməliyyata göndəriləcəyi dəqiq müəyyənləşdirilsin. Biz həkimlər bu qaydaları qısa müddətdə tənzimlədik və yerli tibb personalına öyrətdik. İşimiz belə başladı.”, – deyə o vurğulayıb.
“Sən bu dəqiqə mənim qəhrəmanımsan, mənim igidimsən”
Həkim-cərrah bildirib ki, yaralı hərbçilərlə ünsiyyətdə onların mənəvi vəziyyətini qorumağa da çalışırdı. Həkim üçün hər bir yaralı əsgərin həyatı xüsusi əhəmiyyət daşıyırdı:
“İlk gündən etibarən xəstəxanaya gün ərzində çoxlu təcili yardım avtomobilləri gəlirdi. Müharibədən 5-6 ay əvvəl Azadlıq meydanında 100-dən artıq yeni təcili yardım avtomobilinin təqdimatı keçirilmişdi. Beyləqanda həmin avtomobillərin necə işlədiyinin şahidi olduq. Bunlar böyük, ikiqat təcili yardım maşınları idi. İçərisində uzanmış vəziyyətdə olan yaralılarla yanaşı, oturacaq vəziyyətdə gətirilən digər yaralılar da olurdu. Avtomobillər gün ərzində fasiləsiz hərəkət edirdi.
Gələn hərbçilərin hər biri ayrı-ayrılıqda qəhrəman idi. Sarğı otağında onlara baxarkən hamısına deyirdim: “Sən bu dəqiqə mənim qəhrəmanımsan, mənim igidimsən”.
Beyləqan xəstəxanasının girişini yaxşı xatırlayıram. Darvazadan girib sola dönəndə bizim işlədiyimiz şöbənin qarşısı idi. Amma bəzi avtomobillər düzünə, birbaşa xəstəxananın nəzdindəki morq və ekspertiza hissəsinə tərəf gedirdi. İçəri girən avtomobilin bizə tərəf dönməsini səbirsizliklə gözləyirdik ki, bilək, bizə yaralı gətirilib və ona kömək edə biləcəyik. Maşınların morqa tərəf getməsi isə bizə çox pis təsir edirdi.Nə qədər gənc oğlanlarımızın həyatını itirdiyini görmək bütün kollektiv üçün son dərəcə ağır idi”, – deyə o əlavə edib.

“Əməliyyata giririksə, xəstəni mütləq həyata qaytarmalıyıq”
Həkim bildirib ki, Beyləqanda işlədikləri müddətdə çoxsaylı mürəkkəb əməliyyatlar həyata keçiriblər. Xüsusilə qarın və döş qəfəsindən ağır yaralanan hərbçilərə təcili cərrahi müdaxilə tələb olunurdu:
“Gələn yaralıların əksəriyyəti qəlpə və güllə yaraları almışdı. Daha çox ətraflardan yaralananlar olurdu. Müəyyən qismi isə qarın və döş qəfəsi nahiyəsindən ağır yaralanmışdı. Bunlar ön cəbhədəki qospitallardan birbaşa çatdırılması mümkün olmayan, vəziyyəti nisbətən sabitləşdirildikdən sonra bizə transfer edilən xəstələr idi.
Bütün Beyləqan rayonu, əhali ayağa qalxmışdı. Hər kəs səfərbər olmuşdu. Gənc oğlanlar xəstəxanaya gələrək triajda, xəstələrin qəbulunda bizə yaxından kömək edirdilər. Yaralıların paltarları dəyişdirilir, onlar sarğı otaqlarına, rentgenə, ultrasəs müayinəsinə göndərilirdilər.
Həkimlər olaraq hər birimizin vəzifəsi bölüşdürülmüşdü. Biri qəbula baxır, digəri ultrasəs müayinəsi ilə məşğul olur, başqa biri sarğı otağında və ya palatalarda işləyirdi. Təcili vəziyyət yarananda isə dərhal əməliyyatxanaya səfərbər olurduq”,-deyə o əlavə edib.
O qeyd edib ki, ağır yaralıların bir qismi sonradan Bakıya göndərilib. Özü də oktyabrın 23-24-də Bakıya qayıtdıqdan sonra həmin xəstələrdən bəzilərini Klinik Tibbi Mərkəzdə görüb.
“Bakıya qayıdandan sonra müalicələrini davam etdirən yaralılarımızdan bəzilərinə rast gəldim. Onların sağaldığını görmək bizim üçün böyük sevinc idi. Hətta yaralılarımızdan biri sonradan bizim xəstəxananın təcili yardım şöbəsində tibb qardaşı kimi fəaliyyət göstərməyə başladı. Onu yenidən ayaq üstə görmək, həyatına davam etdiyini bilmək çox xoş idi”, – deyə həkim vurğulayıb.

“Raket zərbəsindən sonra iki azyaşlı qızın meyitini xəstəxanaya gətirdilər”
S.Sadıxov bildirib ki, bir dəfə Beyləqanda gecə saat üç radələrində başqa həkim yoldaşının evinə çay içməyə getdi. Həmin an yaxınlıqdakı evlərdən birinə raket düşdü.
“Bütün qəsəbənin işıqları söndü. Dərhal xəstəxanaya qaçdıq. Bir müddət sonra həmin raket zərbəsi nəticəsində uçqun altında qalan iki azyaşlı qızın meyitini xəstəxanamıza gətirdilər. Onların həyatını xilas etmək qeyri-mümkün idi. Belə ağır faciələrin, acı xatirələrin də şahidi olduq”, – deyə əlavə edib.
“Ordumuzun irəlilədiyini gördükcə qürur duyur və sevinirdik”
Həkim-cərrahın sözlərinə görə, cəbhə xətti onlardan xeyli irəlidə idi, arxa tərədə isə artilleriya qurğuları quraşdırılmışdı.
“Ordumuzun irəlilədiyini gördükcə qürur duyur və sevinirdik. Hər zaman Ali Baş Komandanın, cənab Prezident İlham Əliyevin çıxışlarını və xəbərləri izləyirdik. Səmamızdan keçən raketlərimizi gördükcə qələbə sevinci yaşayırdıq.
Müharibə elə bir dövr idi ki, həm böyük qürur və sevinc, həm də şəhidlərimizə, yaralılarımıza görə dərin kədər hissi keçirirdik”, – deyə o vurğulayıb.

“Şuşanın azad olunması xəbərini yaralı əsgərlər pəncərələrdən əl edərək qarşıladılar”
Həkim bildirib ki, Şuşanın azad olunması xəbəri xəstəxanada çalışan həkimlər və müalicə alan yaralı hərbçilər üçün təsvirolunmaz sevinc olub.
“Noyabrın 6-da ordumuzun Şuşaya doğru irəlilədiyini eşitmişdik. Noyabrın 8-də isə Zəfər elan olundu, Şuşanın azad edildiyi xəbəri gəldi.
Bu sevincin tərifi yoxdur. Xəstəxanada elə yaralı əsgərlərimiz var idi ki, ağır yaralanmalarına baxmayaraq, sevincdən pəncərələrdən əl edirdilər. O unudulmaz günləri hər zaman qürurla xatırlayırıq”, – deyə o əlavə edib.

“Allah xalqımıza bir daha müharibə acısı yaşatmasın!”
Səbuhi həkim bildirib ki, Vətən müharibəsi illər keçsə də, yaddaşından silinməyəcək hadisələrlə yadda qalıb. O, həm döyüş yoldaşlarını, həm də müharibədə həyatını itirən insanları ehtiramla xatırladığını deyib.
“Müharibə çox ağır hadisədir. Biz həkimlər də öz vəzifəmizi yerinə yetirməyə çalışırdıq. Şəhid olan həkimlərimiz, generallarımız, polkovniklərimiz, döyüş yoldaşlarımız var idi. Xudayarı da hər zaman xatırlayıram. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can sağlığı arzulayıram.
Müharibə qurban tələb edir. Biz həkimlər əlimizdən gələni etdik, yaralıları xilas etməyə çalışdıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Arzu edirəm ki, xalqımız bir daha belə günlər yaşamasın, heç kim müharibənin ağrısını, acısını görməsin”, – deyə o fikirlərini yekunlaşdırıb.
