Bakı.Trend:
Azərbaycanın enerji sektorunu onilliklər ərzində dəstəkləyən "Baker Hughes" şirkəti həm ölkədə, həm də daha geniş Xəzər regionunda inkişaf üçün əhəmiyyətli perspektivlər görür.
Bu barədə şirkətin Avropa və MDB üzrə vitse-prezidenti Yelena Akoltseva Trend-ə verdiyi özəl müsahibədə bildirib.
“Region zəngin resurs bazası, inkişaf etmiş infrastrukturu və qlobal enerji təhlükəsizliyinin təmin olunmasında artan rolu sayəsində strateji əhəmiyyətini qoruyub saxlayır. Azərbaycan və Xəzər regionu dünyanın ən qədim neft hasilatı bölgələri sırasındadır. Biz burada mövcud aktivlərdən istifadənin səmərəliliyinin artırılması istiqamətində operatorlara dəstək göstərmək üçün geniş imkanlar görürük.
Yataqların istismar müddəti artdıqca səmərəliliyi, etibarlılığı və karbohidrogenlərin hasilat əmsalını yüksəltməyə, eyni zamanda emissiyaları və əməliyyat xərclərini azaltmağa imkan verən texnoloji həllər getdikcə daha böyük əhəmiyyət kəsb edir. "Baker Hughes" şirkəti köhnəlmiş neft-qaz yataqlarının işlənməsi zamanı müştərilərimizin qarşılaşdığı problemlərin həllinə imkan verən quyuların qazılması, hasilatın optimallaşdırılması və rəqəmsallaşdırma sahələrində geniş spektrli qabaqcıl texnologiyalara malikdir”, – deyə Akoltseva bildirib.
Regional vitse-prezident şirkətin elektrikləşdirmə, metan emissiyalarının azaldılması, aktivlərin səmərəliliyinin idarə olunması və operatorlara həm istehsal, həm də ekoloji hədəflərə çatmağa kömək edən rəqəmsal texnologiyalara marağın artdığını da müşahidə etdiyini qeyd edib.
“Buna yaxşı nümunə COP29 çərçivəsində elan edilmiş SOCAR ilə davam edən əməkdaşlığımızdır. Bu əməkdaşlıq Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda məşəldə qaz yandırılmasının və istehsal zəncirinin sonrakı mərhələlərində emissiyaların azaldılmasına yönəlib. Bu cür layihələr texnoloji həllərin əməliyyat səmərəliliyini artırmaqla yanaşı, ekoloji göstəriciləri də yaxşılaşdırmağa imkan verdiyini nümayiş etdirir.
Rəqabətin olduğu mühitdə yerli istehsalın və xidmətlərin lokallaşdırılması Azərbaycanda əsas prioritetlərdən biri olaraq qalır. "Baker Hughes" ölkədə 300-dən çox insanı işlə təmin edir və onların təxminən 95 faizi Azərbaycan vətəndaşlarıdır. Hesab edirik ki, yerli bazarda uzunmüddətli fəaliyyətimiz, kadr potensialının inkişafına yatırdığımız investisiyalar və tərəfdaşlıq münasibətlərimiz xidmətlər, istehsal və mədən əməliyyatları sahələrində yerli imkanların daha da genişləndirilməsi üçün möhkəm zəmin yaradır”, – deyə o bildirib.
Akoltseva qeyd edib ki, bütövlükdə Xəzər regionunda enerji infrastrukturu və sənayenin inkişafına investisiya fəallığının qorunub saxlanıldığını müşahidə edirlər.
“Bizim əsas prioritetimiz enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə, rəqabət qabiliyyətinin artırılmasına və emissiyaların azaldılmasına töhfə verən texnologiyalar vasitəsilə müştərilərimizi dəstəkləməkdir. Bu məqsədlə necə deyərlər, texnoloji həllərə, yerli ekspert potensialına və uzunmüddətli tərəfdaşlıq münasibətlərinə söykənirik”, – deyə o əlavə edib.
AÇG yatağının səmərəli istismar müddətinin uzadılması
Akoltseva bildirib ki, Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağında hasilatın qorunub saxlanılması və karbohidrogen ehtiyatlarının maksimum səviyyədə çıxarılması üçün qabaqcıl texnoloji həllər tələb olunur.
“İri hasilat aktivlərinin istismar müddəti artdıqca hasilat göstəricilərinin qorunub saxlanılması və karbohidrogenlərin maksimum səviyyədə çıxarılması üçün texnologiyaların əhəmiyyəti daha da artır. AÇG kimi uzun müddətdir işlənilən yataqlar texnoloji nöqteyi-nəzərdən getdikcə daha mürəkkəb xarakter alır və qabaqcıl həllərin tətbiqini tələb edir. Azərbaycanındakı AÇG də daxil olmaqla, iri dəniz yataqlarında operatorlar neft və qazın hasilat əmsalını artırmağa, yataqların istismar müddətini uzatmağa diqqət yetirdikləri üçün yeni texnologiyalara ehtiyac yaranır”, – deyə o bildirib.
Akoltsevanın sözlərinə görə, müasir monitorinq və sualtı əməliyyat texnologiyaları operatorlara quyuların vəziyyəti və layların xüsusiyyətləri barədə daha dolğun məlumat əldə etməyə imkan verir. Bu isə lay təzyiqinin idarə olunması, axınların optimallaşdırılması və hasilat səmərəliliyinin artırılması üçün imkanları müəyyənləşdirməyə kömək edir.
“Son dövrlərdə AÇG yatağı ərazisində ixtisaslaşdırılmış gəmilərdən istifadə edilməklə həyata keçirilən sualtı əməliyyatlar sənayenin mövcud infrastrukturdan əldə olunan səmərəliliyi artırmaq istəyini nümayiş etdirir”, – deyə regional vitse-prezident qeyd edib.
Onun sözlərinə görə, yataqların işlənməsinin kompleks idarə olunması, proqnozlaşdırıcı analitika, avadanlıqların texniki vəziyyətinin monitorinqi və məlumatların təhlili əsasında quyu əməliyyatlarının planlaşdırılması da əhəmiyyətli imkanlar yaradır.
“Fiziki texnologiyaların rəqəmsal həllərlə vəhdəti operatorlara yataqların istismar müddətini uzatmağa, karbohidrogenlərin hasilat əmsalını artırmağa və aktivlərin ümumi iqtisadi səmərəliliyini yüksəltməyə imkan verir”, – deyə o əlavə edib.
Akoltseva vurğulayıb ki, Azərbaycan "Baker Hughes" şirkətinin Xəzər regionundakı strateji bazarlarından biri olaraq qalır. Onun sözlərinə görə, şirkətin həllər portfeli hazırda sualtı texnologiyaları və quyuların qazılması texnologiyalarını, hasilat və quyu əməliyyatları sahəsində xidmətləri, sənaye və enerji sektorları üçün avadanlıqları, rəqəmsal həlləri, eləcə də həm dəniz, həm də qurudakı layihələrdə tətbiq olunan aktivlərin bütün həyat dövrünü əhatə edən xidmətləri özündə birləşdirir.
“Baker Hughes uzun illərdir Azərbaycanda fəaliyyət göstərir və istehsalat zəncirinin bütün mərhələlərində operatorlara və enerji sektorunun milli iştirakçılarına dəstək göstərməkdə davam edir”, – deyə o bildirib.
Biznesin AÇG və “Şahdəniz”dən kənarda genişləndirilməsi
Akoltseva qeyd edib ki, "Baker Hughes" şirkəti texnoloji həllərinin tətbiqi üçün təkcə Azərbaycanın “Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” kimi fəaliyyətdə olan iri yataqlarında deyil, digər dəniz və quru layihələrində də əhəmiyyətli potensial görür.
O bildirib ki, “Şahdəniz” regionun ən mühüm qaz layihələrindən biri olaraq qalır və Azərbaycan, Türkiyə və Avropa bazarlarının təbii qaz təchizatında mühüm rol oynamağa davam edir.
“Bu, inkişaf etmiş sualtı infrastruktura malik yüksək texnologiyalı dəniz layihəsidir. Layihə çərçivəsində qazma işləri və qaz hasilatı davam edir”, – deyə Akoltseva əlavə edib.
Regional vitse-prezident vurğulayıb ki, "Baker Hughes" enerji sektorunda texnologiyaların tətbiqi nəticəsində əlavə iqtisadi və hasilat səmərəliliyinin əldə edilməsi imkanlarını müəyyənləşdirmək üçün Azərbaycanın enerji sektorunda fəaliyyət göstərən operatorlarla sıx əməkdaşlığını davam etdirir.
“Əsas fəaliyyət istiqamətlərimizə köhnəlmiş yataqlar üçün həllər, hasilat səmərəliliyinin artırılması, rəqəmsallaşdırma və əməliyyat göstəricilərini, eləcə də avadanlıqların etibarlılığını yaxşılaşdırmağa imkan verən digər texnologiyalar daxildir. Biz bu həllərin təkcə AÇG və “Şahdəniz” kimi fəaliyyətdə olan iri yataqlarda deyil, digər dəniz və quru layihələrində də tətbiqi üçün əhəmiyyətli potensial görürük. Bu, xüsusilə operatorların karbohidrogenlərin hasilat əmsalını artırmağa, istehsal göstəricilərini yaxşılaşdırmağa və Azərbaycanın enerji sektorunun uzunmüddətli dayanıqlılığını təmin etməyə çalışdığı indiki şəraitdə aktualdır”, – deyə Akoltseva bildirib.
O qeyd edib ki, "Baker Hughes" innovativ texnologiyaların tətbiqinə, yerli kadr və texnoloji potensialın inkişafına dəstək göstərməklə SOCAR, bp və digər sahə iştirakçıları ilə əməkdaşlığını davam etdirmək niyyətindədir.
Daha geniş Xəzər regionunda orta və uzunmüddətli biznes potensialı
Akoltseva bildirib ki, "Baker Hughes" Xəzər regionunu fəaliyyətini genişləndirmək və biznesini inkişaf etdirmək üçün mühüm bazarlardan biri kimi nəzərdən keçirir.
“Azərbaycanla yanaşı, "Baker Hughes" Mərkəzi Asiyada – Qazaxıstan, Türkmənistan və Özbəkistanda da fəaliyyət göstərir. Biz Xəzər regionunu zəngin resurs bazası, enerji infrastrukturuna davam edən investisiyalar, eləcə də enerji təhlükəsizliyinin və iqtisadi inkişafın təmin olunmasında strateji rolu ilə seçilən mühüm inkişaf bazarı hesab edirik”, – deyə o bildirib.
Akoltseva qeyd edib ki, "Baker Hughes" orta və uzunmüddətli perspektivdə həm ənənəvi neft-qaz sektorunda, həm də təbii qaz hasilatının inkişafında əhəmiyyətli imkanlar görür.
“Bununla yanaşı, operatorlar əməliyyatların səmərəliliyini və etibarlılığını artırmaq, emissiyaları azaltmaqla yanaşı, fəaliyyətdə olan yataqlarda karbohidrogenlərin hasilat əmsalını maksimum dərəcədə yüksəltməyə çalışırlar. Qlobal enerji tələbatının artmaqda davam etdiyi bir şəraitdə bu resurslar enerji daşıyıcılarının etibarlı və əlverişli qiymətlərlə tədarükünün təmin olunmasında mühüm amil olaraq qalacaq”, – deyə regional vitse-prezident qeyd edib.
O əlavə edib ki, "Baker Hughes" üçün imkanlar enerji bazarının hər hansı bir seqmenti ilə məhdudlaşmır.
“Bu imkanlar enerji sektorunun inkişafı, əməliyyat səmərəliliyinin artırılması və emissiyaların azaldılmasının kəsişməsində formalaşır. Bizim vəzifəmiz Xəzər regionundakı müştərilərimizə texnologiyalar, innovasiyalar və uzunmüddətli tərəfdaşlıq vasitəsilə aktivlərindən daha yüksək səmərə əldə etməyə, rəqabət qabiliyyətlərini gücləndirməyə, enerji və dayanıqlı inkişaf sahələrində dəyişən tələblərə uyğunlaşmağa kömək etməkdir”, – deyə Akoltseva bildirib.
Akoltsevanın fikrincə, kontinental Avropa və Xəzər regionunda növbəti tələbat dalğası enerji resurslarına ehtiyacın artması, infrastrukturun modernləşdirilməsi, eləcə də səmərəliliyin yüksəldilməsi və emissiyaların azaldılması zərurəti ilə şərtlənəcək.
“Enerji sistemləri mürəkkəbləşdikcə operatorlar həm fəaliyyətdə olan, həm də yeni layihələrdə məhsuldarlığı artırmağa, enerji təhlükəsizliyini gücləndirməyə və iqtisadi göstəriciləri yaxşılaşdırmağa imkan verən həllər axtarırlar.
Növbəti 5-10 il ərzində elektrikləşdirmə, qabaqcıl turbomaşınlar, rəqəmsallaşdırma, süni intellektdən istifadə etməklə aktivlərin idarə olunması və yeni nəsil quyu qazma həlləri kimi texnologiyalar sənayedə köklü dəyişikliklərə səbəb ola bilər. Bu texnologiyalar operatorlara etibarlılığı artırmağa, işin dayanma müddətlərini azaltmağa, enerji istehlakını optimallaşdırmağa, emissiyaları azaltmağa və aktivlərin istismar müddətini uzatmağa imkan verəcək. Bütün bunlar layihələrin iqtisadi səmərəliliyinə birbaşa təsir göstərir”, – deyə o əlavə edib.
Akoltseva bildirib ki, "Baker Hughes" elektrik kompressor qurğularında və istehsal proseslərinin məlumatlar əsasında daha ağıllı idarə olunmasını təmin edən rəqəmsal texnologiyalarda xüsusi potensial görür.
“Mövcud infrastruktur hesabına enerji resurslarının hasilatını artırmaqla yanaşı, əməliyyat emissiyalarını azaltmaq qabiliyyəti getdikcə daha mühüm rəqabət üstünlüyünə çevriləcək. Nəticə etibarilə, uğur enerji siyasətinin üç əsas komponenti – tədarükün təhlükəsizliyi, enerji resurslarının əlçatanlığı və emissiyaların azaldılması arasında tarazlığı təmin edə bilən layihələrin tərəfində olacaq. Hesab edirik ki, inteqrasiya olunmuş texnoloji həllər operatorlara bu məqsədlərə çatmaqda və investisiyalardan əldə olunan səmərəliliyi artırmaqda əsas rol oynayacaq”, – deyə o izah edib.
Süni intellektin tətbiqinin üstünlükləri
Akoltseva qeyd edib ki, süni intellekt (Sİ) "Baker Hughes" şirkətinin əsas əməliyyat proseslərinin səmərəliliyinin artırılmasına mühüm töhfə verməkdə davam edir.
Onun sözlərinə görə, "Baker Hughes" artıq 20 ildən çoxdur ki, məhsulların hazırlanması və xidmətlərin göstərilməsi üçün proqram təminatında süni intellekt texnologiyalarından istifadə edir.
“Biz süni intellekti birbaşa ölçülməsi çətin olan quyu parametrlərinin qiymətləndirilməsi, quyu daxilində rabitənin təkmilləşdirilməsi, avadanlıqların monitorinqi və nasazlıqların proqnozlaşdırılması, eləcə də mühəndislik və laboratoriya modellərinin bilavasitə yataqlarda istifadəyə uyğunlaşdırılması daxil olmaqla, müxtəlif sahələrdə tətbiq edirik”, – deyə Akoltseva bildirib.
Regional vitse-prezident vurğulayıb ki, "Baker Hughes" müştərilərinə süni intellekt texnologiyalarının inteqrasiya olunduğu proqram həlləri də təklif edir.
“Məsələn, quyuların tikintisi üçün nəzərdə tutulmuş "Kantori™" avtonom həllimiz süni intellekt əsaslı iş proseslərindən istifadə edərək müştərilərə qazma proqramlarının hazırlanması və həyata keçirilməsinin səmərəliliyini artırmağa kömək edir. Hasilatın avtomatlaşdırılması üçün nəzərdə tutulan "Leucipa™" həlli də eyni qaydada istehsal proseslərini optimallaşdırmağa, hasilat itkilərini minimuma endirməyə, təmir işlərini və quyuların bütövlüyünü idarə etməyə imkan verir. Bundan əlavə, aktivlərin xidmət müddətini uzatmaq və istismar səmərəliliyini artırmaq üçün süni intellektdən istifadə edən "Cordant™" sənaye korporativ platformasını təklif edirik”, – deyə o izah edib.
Akoltseva bildirib ki, son bir il ərzində bu məhsullara agent əsaslı süni intellekt (Agentic AI) həlləri də inteqrasiya olunub.
“Bu həllər proqram platformalarının məlumatları və funksional imkanları ilə təbii dildə qarşılıqlı əlaqə qurmağa imkan verir. Bundan əlavə, operatorlar daha az addım atmaqla və daha az əməliyyat yerinə yetirməklə müəyyən iş proseslərini işə sala bilirlər. Belə həllər, həmçinin müvafiq əməliyyatlar yerinə yetirildikdən sonra qəbul edilmiş qərarların iqtisadi səmərəliliyini nəzərə almaqla onların sonrakı təhlilini avtomatlaşdırmağa, bunu minimum sayda təlimat və xüsusi skriptlərdən istifadə etməklə həyata keçirməyə imkan verir. Artıq bir neçə iri beynəlxalq neft şirkəti bu məhsulların tətbiqindən əhəmiyyətli iqtisadi səmərə əldə edib. Eyni zamanda, süni intellekt əsas xidmət proseslərimizin səmərəliliyini əhəmiyyətli dərəcədə artırmaqda davam edir”, – deyə o əlavə edib.
Akoltseva qeyd edib ki, "Baker Hughes" şirkətinin müştəriləri mövcud aktivlərindən əldə olunan səmərəliliyi maksimum dərəcədə artırmağa və eyni zamanda emissiyaları azaltmağa çalışdıqları üçün şirkətin prioriteti hər iki məqsədə nail olmaqda onlara dəstək göstərməkdir.
“Biz qabaqcıl turbomaşınlardan və rəqəmsal həllərdən tutmuş elektrikləşdirmə və emissiyaların azaldılması texnologiyalarına qədər aktivlərin səmərəliliyini, etibarlılığını və məhsuldarlığını artırmağa imkan verən texnologiyalara investisiya yatırırıq.
Bizim vəzifəmiz konkret və ölçülə bilən nəticələr əldə etməkdir: aktivlərin istismar müddətini uzatmaq, hasilatın səmərəliliyini artırmaq, emissiyaları və əməliyyat xərclərini azaltmaq. Mövcud infrastrukturun enerji təhlükəsizliyinin və iqtisadi artımın təmin olunmasında hələ də mühüm rol oynadığı Xəzər regionu kimi bazarlarda karbonsuzlaşdırma məqsədlərinə nail olunmasına dəstək verməklə yanaşı, köhnəlmiş aktivlərdən əlavə səmərə əldə etmək üçün əhəmiyyətli imkanlar görürük. Texnologiyaların tətbiqi hesabına məhsuldarlığın artırılması və emissiyaların azaldılması bundan sonra da investisiya prioritetlərimizi və innovativ inkişaf istiqamətlərimizi müəyyən edəcək”, – deyə o bildirib.
Baker Hughes şirkətinin fəaliyyətini genişləndirmək üçün prioritet bazarları
Akoltseva bildirib ki, "Baker Hughes" Xəzər regionu, Yaxın Şərq və bir sıra Asiya ölkələrinin bazarlarına diqqətini artırır.
“Biz enerji resurslarına tələbatın artdığı, mövcud infrastrukturun modernləşdirilməsinə ehtiyac duyulduğu, operatorların isə emissiyaları azaltmaqla yanaşı, fəaliyyətlərinin səmərəliliyini yüksəltməyə çalışdıqları bazarlara diqqətimizi artırırıq. Söhbət, xüsusilə Yaxın Şərq, Xəzər regionu və uzunmüddətli investisiyaların həm ənənəvi energetikanın inkişafına, həm də aşağı karbonlu texnologiyalara yönəldildiyi bir sıra Asiya ölkələri kimi əsas enerji hasil edən regionlardan gedir”, – deyə o izah edib.
Regional vitse-prezident qeyd edib ki, Qərb yarımkürəsində "Baker Hughes" Venesuela bazarında yaranan imkanlara diqqət yetirir.
“Bu yaxınlarda ölkənin qaz infrastrukturunun bərpası və genişləndirilməsi məqsədilə PDVSA, "Lindsayca" və "Fulcrum LNG, Inc." şirkətləri ilə strateji alyans haqqında saziş imzalamışıq. Bundan əlavə, Venesuelanın perspektivli neft-qaz ehtiyatlarının mənimsənilməsinə dəstək göstərmək üçün "New Stratus Energy Inc." şirkəti ilə anlaşma memorandumu imzalamışıq”, – deyə Akoltseva əlavə edib.
Onun sözlərinə görə, bu qərarları müəyyən edən əsas amillər etibarlı, əlverişli qiymətə malik və aşağı karbonlu enerji mənbələrinə olan tələbatdır.
“Müştərilərimiz hasilatı artırmağa, aktivlərin istismar səmərəliliyini yüksəltməyə, emissiyaları azaltmağa və enerji təhlükəsizliyini gücləndirməyə imkan verən texnologiyalarla maraqlanırlar. "Baker Hughes" turbomaşın avadanlıqları, rəqəmsal texnologiyalar, quyuların tikintisi və elektrikləşdirmə sahələrindəki həllər portfeli sayəsində bu tələbatı qarşılamaq üçün geniş imkanlara malikdir”, – deyə o bildirib
