Gələn il 48 dövlət müəssisəsindən büdcəyə 872 milyon manat dividend daxil olacaq - Nazirlik

İqtisadiyyat Xəbər 6 Noyabr 2026 11:09 (UTC +04:00)
Gələn il 48 dövlət müəssisəsindən büdcəyə 872 milyon manat dividend daxil olacaq - Nazirlik
Sadiq Cavadov
Sadiq Cavadov
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı. Trend:

2027-ci ildə 48 dövlət müəssisəsindən dövlət büdcəsinə ümumilikdə 872 milyon manat xalis dividend daxil olması proqnozlaşdırılır. Bu, 2026-cı ilin müvafiq göstəricisi ilə müqayisədə 45,4 faiz çoxdur.

Bu barədə Maliyyə Nazirliyinin 2026-cı ilin yanvar-sentyabr ayları üzrə hesabatında bildirilib.

Qeyd olunub ki, 2027-ci il üzrə dividend öhdəliklərinin müəyyən edilməsi çərçivəsində 48 dövlət müəssisəsi ilə ümumilikdə 918 milyon manat məbləğində dividend ödənişi razılaşdırılıb. Bunun 872 milyon manatını xalis dividend, 46 milyon manatını isə dividend vergisi təşkil edir.

Hesabat dövründə dövlət müəssisələrinin fəaliyyətinə nəzarət və maliyyə göstəricilərinin təhlili istiqamətində də bir sıra işlər görülüb.

Belə ki, dövlət müəssisələrinin rəqəmsal monitorinqinin aparılması məqsədilə “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin tərkibində yaradılmış müvafiq altsistemdə 1 113 dövlət müəssisəsi üçün elektron kabinet açılıb və hesabatların qəbuluna başlanılıb.

Bununla yanaşı, dövlət müəssisələrinin Monitorinq Reyestri yaradılıb. Reyestrə daxil edilmiş 1 153 müəssisə tərəfindən təqdim olunan hesabatlar əsasında icmal məlumat bazası formalaşdırılıb.

Həmçinin Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 26 may tarixli 675 nömrəli Fərmanına əsasən, 40-a yaxın dövlət müəssisəsinin müşahidə şuralarında Maliyyə Nazirliyinin təmsilçiliyi təmin edilib. Hesabat dövründə həmin müşahidə şuralarının 100-dən artıq iclası keçirilib və 200-dən çox məsələ ilə bağlı rəy verilib.

Dövlət müəssisələrinin maliyyə sağlamlığının qiymətləndirilməsi və fiskal risklərin müəyyənləşdirilməsi istiqamətində də tədbirlər həyata keçirilib. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 30 dekabr tarixli 570 nömrəli Fərmanının icrası məqsədilə 32 dövlət müəssisəsinin 2023–2025-ci illər üzrə maliyyə göstəriciləri monitorinq edilib. Fiskal risk göstəriciləri qiymətləndirilib, fiskal risk reytinqi müəyyənləşdirilib və əldə olunan nəticələr barədə hesabat Prezidentə təqdim edilib.

Bundan əlavə, dövlət müəssisələrinin maliyyə vəziyyətinin sektorlar və risk dərəcələri üzrə beynəlxalq təcrübəyə uyğun qiymətləndirilməsi üçün fiskal risk reytinqi, maliyyə əmsallarının hədd bazası, eləcə də həmin hədlərin riyazi-metodoloji əsaslandırılmasını əhatə edən təlimatlar (pasportlar) hazırlanıb.

Hesabatda bildirilir ki, 2020–2026-cı illər üzrə dövlət müəssisələrinə aid büdcə daxilolmaları (dividendlər) və büdcə xərcləri (investisiya, subsidiya, borc öhdəlikləri və s.) üzrə uçot bazası yaradılıb, illər üzrə fiskal balans hesablanıb.

Eyni zamanda, 35 dövlət müəssisəsinin növbəti büdcə ili və sonrakı üç il üçün büdcə proqnozu layihələri və maliyyə göstəriciləri təhlil edilərək müvafiq hesabatlar hazırlanıb və həmin müəssisələrə təqdim edilib.

Bundan başqa, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus hüquqi şəxslər və dövlət adından yaradılmış publik hüquqi şəxslər tərəfindən Maliyyə Nazirliyinə təqdim ediləcək məlumat və hesabat formalarının təsdiq edilməsi haqqında Kollegiya qərarı qəbul edilib.

Beləliklə, görülən tədbirlər dövlət müəssisələrinin maliyyə fəaliyyətinə nəzarətin gücləndirilməsinə, fiskal risklərin qiymətləndirilməsinə və dövlət büdcəsinə dividend daxilolmalarının artırılmasına yönəlib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti