Bakı.Trend:
Macarıstanın "MOL Group" şirkətinin 2026-cı ilin üçüncü rübündə Azərbaycanda kəşfiyyat və hasilat sahəsinə əsaslı xərcləri 34 milyon dollar təşkil edib. Bu, 2025-ci ilin eyni dövründəki 33,8 milyon dollarla müqayisədə bir qədər çoxdur.
Trend-in şirkətin məlumatları əsasında apardığı hesablamalara görə, illik ifadədə bu göstərici 0,6% artıb.
Qeyd edək ki, MOL Group Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunda 9,57% iştirak payına malikdir.
Bununla yanaşı, şirkətin Azərbaycanda əsaslı xərcləri 2026-cı ilin ikinci rübündəki 35,4 milyon dollarla müqayisədə 3,95% azalıb.
2026-cı ilin üçüncü rübündə "MOL Group"un kəşfiyyat və hasilat sahəsinə ümumi əsaslı xərclərinin 29,5%-i Azərbaycanın payına düşüb. Şirkətin bu istiqamətdə ümumi xərcləri 115,1 milyon dollar təşkil edib. Bu göstərici üzrə Azərbaycan "MOL Group"un investisiya yatırdığı ölkələr arasında Macarıstandan (41,4%) sonra ikinci yeri tutub.
2025-ci ilin yekunlarına görə, "MOL Group"un Azərbaycanda kəşfiyyat və hasilat sahəsinə kapital xərcləri 123,3 milyon dollar təşkil edib. 2024-cü ildə bu göstərici 123,8 milyon dollar olub. Beləliklə, illik müqayisədə 0,4% azalma qeydə alınıb.
bp şirkətinin son məlumatlarına əsasən, 2026-cı ilin ilk doqquz ayında bp və AÇG layihəsinin tərəfdaşları blok üzrə fəaliyyət çərçivəsində əməliyyat xərclərinə təxminən 401 milyon dollar, əsaslı xərclərə isə 1,088 milyard dollar yönəldiblər.
Əməliyyat xərcləri 2025-ci ilin eyni dövründəki 388 milyon dollarla müqayisədə 3,35%, əsaslı xərclər isə 912 milyon dollarla müqayisədə 19,3% artıb.
AÇG blokunun hasilatın pay bölgüsü haqqında sazişin iştirakçıları adından operatoru "BP Exploration (Caspian Sea) Limited" şirkətidir.
AÇG layihəsində iştirak paylarının bölgüsü aşağıdakı kimidir: bp (operator) – 30,37%, SOCAR – 35,30%, MOL – 9,57%, INPEX – 9,31%, ExxonMobil – 6,79%, TPAO – 5,73% və ONGC Videsh – 2,92%.
