Bakı. Trend:
2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanın dövlət büdcəsindən əsaslı xərclər üzrə 7 milyard 284,7 milyon manat vəsait istifadə olunub.
Bu barədə Maliyyə Nazirliyinin 2026-cı ilin 9 aylıq dövrü üzrə hesabatında bildirilib.
Hesabatda qeyd olunub ki, əsaslı xərclərin tərkibində Böyük Qayıdış proqramı üzrə 1 milyard 761,4 milyon manat, dövlət investisiya proqramı üzrə isə 1 milyard 623,8 milyon manat vəsait istifadə edilib. Digər əsaslı xərclərin həcmi 3 milyard 899,5 milyon manat təşkil edib.
Böyük Qayıdış proqramı çərçivəsində 383 layihə üzrə vəsaitin əsas hissəsi nəqliyyat sahəsinə yönəldilib. Belə ki, bu istiqamətdə 97 layihə üzrə 801,4 milyon manat xərclənib. Sosial sahədə 201 layihənin icrasına 692,5 milyon manat ayrılıb.
Su təsərrüfatı və meliorasiya sahəsində 38 layihə üzrə 24,5 milyon manat, enerji və sənaye sahəsində 11 layihə üzrə 65,9 milyon manat, müdafiə və hüquq-mühafizə sahəsində 19 layihə üzrə 94,6 milyon manat istifadə olunub.
Dövlət investisiya proqramı çərçivəsində isə 309 layihə həyata keçirilib. Bu proqram üzrə nəqliyyat sahəsinə 714,4 milyon manat, su təsərrüfatı və meliorasiyaya 320,1 milyon manat, energetika və sənayeyə 186,2 milyon manat vəsait yönəldilib.
Qeyd edək ki, dövlət investisiya proqramı çərçivəsində xarici kreditlər hesabına investisiya məqsədilə istifadə olunan vəsaitin həcmi 125 milyon manat olub.
