Dəniz daşımalarında bio-LNG-yə tələbat arta bilər - BEA

Energetika Xəbər 6 Noyabr 2026 12:17 (UTC +04:00)
Dəniz daşımalarında bio-LNG-yə tələbat arta bilər - BEA
Sadiq Cavadov
Sadiq Cavadov
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı. Trend:

Dəniz nəqliyyatının dekarbonizasiyasına yönəlmiş yeni beynəlxalq tənzimləmələr biometanın mayeləşdirilmiş forması olan bio-LNG-nin istifadəsi üçün əlavə bazar imkanları yaradır.

Bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) “Bərpa olunan enerji 2026” (“Renewables 2026”) hesabatında qeyd olunub.

Hesabatda bildirilir ki, Avropa İttifaqının (Aİ) 2025-ci ildən qüvvəyə minən “FuelEU Maritime” tənzimləməsi bio-LNG-nin dəniz nəqliyyatında istifadəsini stimullaşdıra bilər.

“Bu tənzimləmələr biomethan bazarının avtomobil nəqliyyatı və qaz şəbəkələrinə tədarükdən kənara çıxaraq dəniz daşımalarını da əhatə etməsi üçün imkan yarada bilər”, – hesabatda vurğulanıb.

Qeyd olunur ki, yeni qaydalara əsasən, Aİ limanlarına daxil olan ümumi tutumu 5 000 qrosston (GT) və daha çox olan gəmilər yanacağın istehsalından tutmuş gəmidə istifadəsinə qədər bütün mərhələlər üzrə istixana qazı emissiyalarının intensivliyini azaltmalıdır. Bu göstəricinin 2020-ci ilin səviyyəsi ilə müqayisədə 2025-ci ildə 2 faiz, 2030-cu ildə 6 faiz, 2050-ci ilədək isə 80 faiz azaldılması nəzərdə tutulur.

BEA-nın qiymətləndirməsinə görə, bu tələblər xüsusilə LNG, mayeləşdirilmiş biometan və sintetik metan kimi metan əsaslı yanacaqlar üçün əhəmiyyətlidir. Çünki mühərriklərdə yanacağın istifadəsi zamanı yaranan metan sızmaları onların ümumi istixana qazı emissiyalarına ciddi təsir göstərə bilər. Metanın 100 illik dövr üzrə qlobal istiləşmə potensialı karbon qazından 25 dəfə yüksəkdir.

Hesabatda qeyd olunur ki, 2024-cü ildən Aİ-nin Emissiyaların Ticarəti Sistemi (EU ETS) dəniz nəqliyyatından yaranan emissiyaları da əhatə edir. Sertifikatlaşdırılmış bio-LNG-dən istifadə isə müvafiq uçot qaydaları çərçivəsində biogen mənşəli karbon qazı emissiyalarına güzəştli yanaşma hesabına gəmiçilik şirkətlərinin emissiya xərclərini azalda bilər.

“Bio-LNG-nin əsas üstünlüklərindən biri onun LNG ilə işləyən və ikili yanacaq sisteminə malik gəmilərdə mövcud infrastrukturdan istifadə etməklə tətbiq oluna bilməsidir”, – hesabatda bildirilib.

Sənədə əsasən, bu, gəmiçilik şirkətlərinə yeni yanacaq çənləri və yanacaq doldurma infrastrukturu yaratmadan mövcud imkanlardan yararlanmağa şərait yaradır. Belə gəmilər həm LNG, həm də ənənəvi maye yanacaqlardan istifadə edə bilir.

BEA-nın məlumatına görə, 2025-ci ildə dünyada 222 limanda LNG ilə yanacaq doldurma infrastrukturu mövcud olub, daha 62 limanda isə belə obyektlərin tikintisi davam etdirilib. LNG ilə işləyən gəmilərin sayı 2022–2025-ci illərdə iki dəfədən çox artaraq 853-ə çatıb. Mövcud sifarişlər nəzərə alınmaqla, bu donanmanın 2030-cu ilədək yenidən iki dəfə artacağı gözlənilir.

Hesabatda diqqətə çatdırılır ki, 2024-cü ildə LNG daşıyıcılarının öz yüklərindən əldə etdikləri buxarlanmış qazdan yanacaq kimi istifadəsi 12 milyon tondan çox olub. LNG-nin ayrıca dəniz yanacağı kimi istehlakı isə təxminən 2,9 milyon ton təşkil edib. Bu yanacağın istifadəsi xüsusilə konteyner gəmilərində sürətlə genişlənir. Belə ki, 2024-cü ildə bu sektorda LNG istehlakı 1,3 milyon ton olub, LNG ilə işləyən konteyner gəmilərinin sayının və yeni sifarişlərin 2033-cü ilədək 2,8 dəfə artacağı proqnozlaşdırılır.

“LNG-nin gəmilərdə istifadə olunan bütün yanacaq növlərinin ümumi istehlakında payı 2024-cü ildə 6,7 faiz təşkil etsə də, yeni sifarişlərdə bu göstərici 8 faizə çatıb. Hazırda istismarda olan gəmilərdə LNG ilə işləyənlərin payı isə 0,84 faizdir”, – hesabatda qeyd olunub.

BEA hesab edir ki, LNG donanmasının genişlənməsi bio-LNG üçün də əlavə bazar formalaşdıra bilər. Artıq bir sıra gəmiçilik şirkətləri Avropa ilə yanaşı, Çin, Sinqapur və ABŞ-da da bio-LNG-nin uzunmüddətli tədarükü və yanacaq doldurma imkanlarını təmin etmək üçün müqavilələr bağlayır.

Təchizat tərəfində də dəniz nəqliyyatının tələbatını qarşılamağa yönəlmiş layihələr elan edilib. Onlardan biri Malayziyanın Malakka boğazı sahilində yerləşən Muar şəhərində “Straits Bio-LNG” şirkətinin inkişaf etdirdiyi mayeləşdirmə və ixrac terminalıdır.

Hesabatda vurğulanır ki, yeni tənzimləmələr biometan istehsalçıları üçün dəniz nəqliyyatını daha gəlirli satış bazarına çevirə bilər. Xüsusilə peyin kimi aşağı karbon intensivliyinə malik xammaldan istehsal olunan biometan bu baxımdan üstünlük qazanır. Belə xammaldan istifadə yanacağın istehsalı və təchizatı mərhələsində emissiyaların çox aşağı, bəzi hallarda isə mənfi səviyyədə olmasına imkan verir.

“FuelEU Maritime konkret yanacaq növünün istifadəsini məcbur etmir, yanacağın bütün həyat dövrü üzrə karbon intensivliyinin azaldılmasını təşviq edir. Bu isə bio-LNG-yə digər aşağı emissiyalı yanacaqlarla rəqabət aparmaq imkanı verir”, – BEA-nın hesabatında bildirilib.

Alternativ aşağı emissiyalı yanacaqlar sırasına biodizel, hidrogenləşdirilmiş bitki yağı (HVO), sintetik metan, aşağı emissiyalı metanol, ammonyak və hidrogen daxildir.

Bununla yanaşı, hesabatda bio-LNG bazarının inkişafı qarşısında bəzi tənzimləyici və texniki çətinliklərin qaldığı da qeyd olunur. Bunlara sertifikatların ticarəti, kütlə balansı mexanizminin tətbiqi, dövlət subsidiyaları hesabına istehsal olunan biometan həcmlərinin uçotu və müxtəlif ölkələr arasında sertifikatların qarşılıqlı tanınması daxildir.

Digər mühüm məsələ metan sızmalarıdır. BEA bildirir ki, bərpa olunan mənbələrdən əldə edilən metanın da real iqlim üstünlüyü sübut edilməlidir. Çünki istehsal və təchizat zəncirindəki sızmalar, mayeləşdirmə zamanı yaranan emissiyalar və gəmi mühərriklərində metan itkisi onun ekoloji faydasını azalda bilər.

Bio-LNG bazarının potensialına gəlincə, BEA-nın hesablamalarına görə, LNG daşıyıcıları istisna olmaqla, hazırkı LNG yanacağı istehlakının 20 faizinin bio-LNG ilə əvəzlənməsi ildə 28 petacouldan (PJ) bir qədər çox, yaxud təxminən 0,8 milyard kubmetr qaz ekvivalentində bio-LNG tələbatı yarada bilər.

Gəmi donanmasının 2031-ci ilədək genişlənməsi nəzərə alınmaqla, bu yanacaq üçün potensial bazarın həmin ilədək ildə təxminən 2 milyard kubmetr qaz ekvivalentinə çatacağı proqnozlaşdırılır.

Hesabatda digər analitiklərin daha yüksək qiymətləndirmələrinə də yer verilib. Belə ki, LNG istifadəsinin daha sürətlə artacağı ssenarisində bio-LNG bazarının 2035-ci ilədək 6 milyard kubmetr qaz ekvivalentinə çata biləcəyi ehtimal olunur.

“Bio-LNG-nin dəniz nəqliyyatında payı bazar şərtlərindən və tələb olunan həcmdə dayanıqlı biometan tədarükünün təmin edilməsindən asılı olacaq. FuelEU Maritime tənzimləməsi Avropa üçün bio-LNG-yə əhəmiyyətli tələbat yarada bilər, lakin hazırda regionda bu yanacağın istehsal gücləri məhduddur”, – hesabatda bildirilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti