Bakı. Trend:
İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Ağdam Sənaye Parkının rezidenti “BAFCO İnvest” MMC xüsusi təyinatlı təhlükəsizlik ayaqqabılarının və poliuretan çəkmələrin istehsalını davam etdirir. Sənaye parkının 2,5 hektar ərazisində fəaliyyət göstərən müəssisədə istehsal olunan məhsullar daxili bazarla yanaşı, xarici ölkələrə də tədarük edilir. Şirkət mövcud ixrac coğrafiyasını genişləndirmək, Avropa və Şimali Amerika bazarlarında əməkdaşlıq əlaqələri qurmaq istiqamətində fəaliyyətini davam etdirir.
Bu barədə İZİA məlumat yayıb.
Müəssisədə Almaniya istehsalı olan “DESMA” avadanlıqlarından
istifadə edilir. İstehsal prosesində ayaqqabının altlığı inyeksiya
üsulu ilə birləşdirilir. Bu texnologiya məhsulların möhkəmliyini və
etibarlılığını təmin etməyə, onların çətin iş şəraitində
istifadəsinə imkan verir. Altlıqların hazırlanmasında istifadə
olunan poliuretan xammalı Almaniyanın “BASF” şirkətindən tədarük
edilir.
Fabrikin illik istehsal gücü 510 min cüt təşkil edir. Bunun 160 min
cütü poliuretan çəkmələrin, 350 min cütü isə xüsusi təyinatlı
təhlükəsizlik ayaqqabılarının payına düşür.
Müəssisənin istehsal portfelinə müxtəlif təhlükəsizlik tələblərinə
uyğun məhsullar daxildir. Poliuretan çəkmələr O4, S4 və S5
təhlükəsizlik sinifləri üzrə istehsal olunur. S4 və S5 modelləri
ayaq barmaqlarını zərbələrdən qoruyan xüsusi polad ucluqla təchiz
edilib.
Təhlükəsizlik ayaqqabılarının üst hissəsi təbii dəridən, altlığı
isə ikiqat poliuretandan hazırlanır. Bu kateqoriyaya daxil olan S1,
S1P, S2 və S3 modelləri müxtəlif istehsalat və iş şəraitinin
tələblərinə uyğun nəzərdə tutulub.
“BAFCO İnvest” MMC məhsullarını artıq bir sıra xarici bazarlara
ixrac edir. Şirkətin ixrac etdiyi ölkələr sırasında Qazaxıstan da
yer alır. Bu ölkədə fəaliyyət göstərən üç şirkətlə indiyədək
müqavilələr bağlanıb və müxtəlif dövrlərdə məhsul tədarükü həyata
keçirilib. Hazırda Qazaxıstandan daxil olan yeni sifarişlər üzrə də
əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilir.
Şirkətin ixrac istiqamətlərindən biri də Balkan ölkələridir.
Albaniyada fəaliyyət göstərən distribütorla bağlanmış müqavilə
əsasında ilkin mərhələdə 1200 cüt məhsulun tədarükü nəzərdə
tutulub. Sifarişə təbii dəridən hazırlanmış, poliuretan altlıqlı
xüsusi təyinatlı ayaqqabılar və poliuretan çəkmələr daxildir.
Məhsullar O4 və S5 təhlükəsizlik siniflərinə aiddir və artıq ixraca
hazırdır.
Şirkət Kanada bazarına çıxış istiqamətində də konkret addımlar
atıb. Kanada şirkəti ilə bağlanmış müqavilə əsasında 3500 cütdən
çox poliuretan çəkmə sifariş edilib. Məhsulların növbəti ay ixracı
planlaşdırılır.
Bununla yanaşı, İtaliya şirkəti ilə əməkdaşlıq üzrə müqavilə
imzalanması prosesi davam edir. Tərəflər arasında ilkin sifarişlər
də daxil olub. Noyabr ayında İtaliyaya “Made in Azerbaijan” əmtəə
nişanı altında 1200 cüt poliuretan çəkmənin ixracı nəzərdə
tutulur.
Birləşmiş Ərəb Əmirlikləri və İordaniyadan da müəssisənin istehsal
etdiyi məhsullara maraq göstərilir. Şirkət bu ölkələrin
bazarlarında əməkdaşlıq imkanlarını genişləndirməyi hədəfləyir.
“BAFCO İnvest” MMC xarici bazarlarda mövqeyini genişləndirmək və
məhsullarını beynəlxalq auditoriyaya tanıtmaq məqsədilə
ixtisaslaşmış beynəlxalq sərgilərdə də iştirak edir. Belə tədbirlər
potensial tərəfdaşlarla birbaşa əlaqələrin qurulmasına və yeni
sifarişlərin əldə olunmasına şərait yaradır. İtaliya şirkəti ilə
əməkdaşlıq əlaqələrinin əsası Birləşmiş Ərəb Əmirliklərində
keçirilən “Big 5 Dubai” sərgisində qoyulub. Qazaxıstanda təşkil
olunan sərgidə iştirak isə həmin ölkənin şirkətləri ilə işgüzar
əlaqələrin qurulmasına imkan yaradıb.
Müəssisə beynəlxalq əməkdaşlıq coğrafiyasını genişləndirmək
məqsədilə yaxın dövrdə Rusiyanın Moskva, Qazaxıstanın Astana və
Almaniyanın Düsseldorf şəhərlərində keçiriləcək ixtisaslaşmış
sərgilərdə iştirak etməyi planlaşdırır.
