Bakı. Trend:
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva beynəlxalq təşkilatları, ombudsman və milli insan hüquqları təsisatlarını müharibənin humanitar nəticələrinin aradan qaldırılması, itkin düşmüş şəxslərlə bağlı məsələlərin həllinə dəstək göstərilməsi, mina təhlükəsinə qarşı mübarizə və dayanıqlı sülhün təşviqi istiqamətində səylərini davam etdirməyə çağırıb.
Bu barədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın 8 Noyabr – Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanatında qeyd olunub.
Bəyanatda bildirilib ki, 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının tarixi yaddaşında milli birliyin, həmrəyliyin və Vətənə sədaqətin təcəssümü kimi xüsusi yer tutur:
“Bu əlamətdar gün xalqımızın öz dövlətçiliyinə, dəyərlərinə və ərazi bütövlüyünə bağlılığını nümayiş etdirən, gələcək nəsillər üçün mühüm tarixi və mənəvi əhəmiyyət daşıyan qürur mənbəyidir”.
Qeyd olunub ki, 2020-ci il sentyabrın 27-də Ermənistanın silahlı qüvvələrinin Azərbaycan ərazilərində hərbi əməliyyatlara başlaması nəticəsində mülki əhalinin həyatı və təhlükəsizliyi üçün ciddi təhdidlər yaranıb, yaşayış məntəqələri, mülki infrastruktur və sosial obyektlər zərər görüb. Azərbaycan Respublikası beynəlxalq hüquqla təsbit olunmuş özünümüdafiə hüququndan istifadə edərək ərazilərinin işğaldan azad olunması və əhalisinin təhlükəsizliyinin təmin olunması istiqamətində əks-hücum əməliyyatları həyata keçirib.
Bəyanatda vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, Azərbaycan Ordusunun qəhrəmanlığı və xalqın sarsılmaz həmrəyliyi nəticəsində 44 gün davam edən Vətən müharibəsi tarixi Zəfərlə başa çatıb, ölkənin ərazi bütövlüyünün bərpası istiqamətində mühüm nəticələr əldə edilib.
“Bu Qələbə ədalətin təcəssümü ilə bərabər, keçmiş məcburi köçkünlərin pozulmuş hüquqlarının bərpası, mülki əhalinin həyat və təhlükəsizliyinin təmini, uzun illər müddəaları yerinə yetirilməyən BMT Təhlükəsizlik Şurası qətnamələrinin icrası baxımından mühüm nəticələr doğurdu”, – bəyanatda bildirilib.
Sənəddə qeyd olunub ki, postmüharibə dövründə sülh və əmin-amanlıq üçün təhlükə yaradan işğalçı və separatçı qüvvələrin təxribatlarının qarşısının alınması ilə bölgədə təhlükəsizlik təmin edilib. İnsan hüquq və azadlıqlarının qorunması məqsədilə 2023-cü ilin sentyabrında həyata keçirilmiş lokal xarakterli antiterror əməliyyatından sonra ölkənin suverenliyinin tam təmin olunması ilə dövlətçilik tarixinin yeni mərhələsi başlanıb.
Bəyanatda ötən ilin avqust ayında Amerika Birləşmiş Ştatları Prezidentinin iştirakı ilə Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton şəhərində görüşü zamanı “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in paraflanmasına da toxunulub. Bildirilib ki, bu, regionda sülh gündəliyinin irəli aparılması, qonşuluq münasibətlərinin formalaşdırılması və xalqların dinc yaşaması üçün yeni perspektivlər yaradıb.
Ombudsman əldə olunmuş müsbət nəticələrə baxmayaraq, mühüm humanitar məsələlərin hələ də öz həllini gözlədiyini vurğulayıb. Bunların sırasında müharibə dövründə itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması, keçmiş məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz və ləyaqətli qayıdışının davam etdirilməsi, işğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi yer alır. Həmçinin işğal dövründə regionun ekoloji sisteminə, təbii sərvətlərinə, flora və faunasına vurulmuş ağır ziyan nəticəsində baş verən fəsadların aradan qaldırılmasının vacibliyi qeyd edilib.
“Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) olaraq beynəlxalq təşkilatları, ombudsman və milli insan hüquqları təsisatlarını müharibənin humanitar nəticələrinin aradan qaldırılması, itkin düşmüş şəxslərlə bağlı məsələlərin həllinə dəstək göstərilməsi, mina təhlükəsinə qarşı mübarizə və dayanıqlı sülhün təşviqi istiqamətində səylərini davam etdirməyə çağırıram”, – Səbinə Əliyeva bildirib.
Ombudsman Zəfər Gününün altıncı ildönümündə ölkənin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini dərin ehtiramla yad edib, Azərbaycana və regiona davamlı sülh, təhlükəsizlik, əmin-amanlıq və firavan gələcək arzulayıb.
Səbinə Əliyevanın 6 noyabr 2026-cı il tarixində imzaladığı bəyanat BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasına, UNICEF-in, UNESCO-nun, Avropa İttifaqının, Avropa Şurasının, ATƏT-in rəhbərlərinə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına göndərilib.
Bəyanat, həmçinin Türk Dövlətlərinin Ombudsmanlar və Milli İnsan Hüquqları İnstitutları Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına və milli insan hüquqları institutlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına ünvanlanıb.
