Azərbaycanda qeyri-neft-qaz sektorunun ÜDM-də payı 70 faizi ötüb

İqtisadiyyat Xəbər 6 Noyabr 2026 13:04 (UTC +04:00)
Azərbaycanda qeyri-neft-qaz sektorunun ÜDM-də payı 70 faizi ötüb
Sadiq Cavadov
Sadiq Cavadov
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda qeyri-neft-qaz sektorunun ümumi daxili məhsulda (ÜDM) payı 70 faizi ötüb. Cari ilin yanvar-sentyabr aylarında ölkə iqtisadiyyatı 1,5 faiz, qeyri-neft-qaz sektoru isə 2,6 faiz artıb.

Bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında çıxış edən iqtisadiyyat nazirinin müavini Anar Axundov bildirib.

Onun sözlərinə görə, Zəfər Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə yanaşı, ölkənin iqtisadi inkişafı üçün də yeni imkanlar açıb.

“Cari il 2022–2026-cı illərdə Azərbaycan Respublikasının sosial-iqtisadi inkişaf Strategiyasının yekun ilidir. 2027–2030-cu illər üçün isə yeni Strategiya hazırlanır. Cənab Prezidentin rəhbərliyi ilə aparılan siyasətin çərçivəsi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”lə müəyyən edilib. Bugünkü iclasda təmsil olunan komitələrin fəaliyyət sahələri bu prioritetlərdən üçü ilə birbaşa bağlıdır: “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi”, “Dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət” və “Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı”, – deyə nazir müavini bildirib.

A. Axundov qeyd edib ki, qlobal iqtisadi mühitdə qeyri-müəyyənliklərin davam etməsinə baxmayaraq, Azərbaycanda makroiqtisadi sabitlik qorunur, iqtisadiyyatın şaxələndirilməsi siyasəti isə müsbət nəticələr verir.

“Strategiya dövrünün yekunlarına əsasən, qeyri-neft-qaz sektorunda orta illik artımın 5,2 faiz olacağı gözlənilir ki, bu da qarşıya qoyulmuş hədəfi üstələyir. Cari ilin yanvar-sentyabr aylarında iqtisadi artım 1,5 faiz təşkil edib. Qeyri-neft-qaz sektoru 2,6 faiz böyüyərək artımın əsas mənbəyinə çevrilib, bu sektorun ÜDM-dəki payı isə 70 faizi ötüb. İlin yekununda ÜDM-in 1,7 faiz, qeyri-neft-qaz ÜDM-in isə 3,1 faiz artacağı proqnozlaşdırılır”, – o vurğulayıb.

Nazir müavininin sözlərinə görə, iqtisadi artımın strukturunda emal sənayesi, nəqliyyat və informasiya texnologiyaları ön plana çıxır. Belə ki, qeyri-neft-qaz emal sənayesində əlavə dəyər 6,6 faiz, nəqliyyat və anbar təsərrüfatında 10 faiz, informasiya və rabitə sahəsində isə 11,1 faiz artıb.

“Ümumilikdə xidmət sektorunun bütün sahələrində artım qeydə alınıb. Daxili tələb də güclü qalır: əhalinin istehlakı real ifadədə 4,6 faiz yüksəlib”, – A. Axundov əlavə edib.

O bildirib ki, özəl sektorun investisiya fəallığı da yüksəlir. Qeyri-neft-qaz sektorunda qeyri-dövlət investisiyaları 20,7 faiz artıb. İxracın strukturunda da müsbət dəyişikliklər müşahidə olunur.

“Kənd təsərrüfatı emalı məhsullarının ixracı 37 faiz, qeyri-neft-qaz sənaye məhsullarının ixracı isə 21,5 faiz artıb. Strateji valyuta ehtiyatları ilin əvvəlindən 5,1 faiz artaraq 89,4 milyard dollara çatıb, illik inflyasiya Mərkəzi Bankın hədəf diapazonunda qalır”, – nazir müavini qeyd edib.

A. Axundovun sözlərinə görə, dövlət büdcəsinin gəlirləri və vergi daxilolmaları üzrə də müsbət dinamika davam edib.

“Qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmaları 12,6 faiz artaraq 10,3 milyard manatı ötüb, dövlət büdcəsinin qeyri-neft-qaz gəlirləri isə 9,3 faiz yüksəlib. İlin əvvəlindən aktiv vergi ödəyicilərinin sayı 4,8 faiz, ƏDV ödəyicilərinin sayı isə 6,9 faiz artıb”, – o bildirib.

Nazir müavini vurğulayıb ki, iqtisadiyyatın şaxələndirilməsində özəl sektor həlledici rol oynayır. Bu istiqamətdə dövlət dəstəyi mexanizmləri genişləndirilir, sahibkarların maliyyə resurslarına çıxışı asanlaşdırılır.

“Makroiqtisadi sabitlik, investisiyaların qorunması və əlverişli biznes mühiti investorların ölkəmizə etimadını gücləndirir. İnvestisiya təşviqi mexanizmi çərçivəsində sahibkarlar 1,45 milyard dollarlıq müasir texnika və avadanlıq idxal edib, bu idxal üzrə vergi və rüsumlardan 350 milyon dollardan çox güzəşt əldə olunub. Təşviq sənədi almış layihələrin təxminən üçdə ikisi sənaye, üçdə biri isə kənd təsərrüfatı sahəsini əhatə edir”, – A. Axundov deyib.

O, sənayeləşmə siyasətinin nəticələrinə də diqqət çəkib. Bildirib ki, sənaye zonalarında indiyədək 22,6 milyard manatlıq məhsul satılıb, bunun 7,1 milyard manatlıq hissəsi ixrac olunub.

“Sahibkarlar bu zonalara 7,3 milyard manata yaxın investisiya yatırıb və 11,8 min daimi iş yeri yaradıb. Təkcə cari ilin 9 ayında daha 29 müəssisə sənaye zonalarında rezident statusu alıb. Dağ-mədən və metallurgiya üzrə 2027–2030-cu illər Dövlət Proqramı isə təbii ehtiyatlarımızın ölkə daxilində emalını və yüksək əlavə dəyərli məhsul ixracını hədəfləyir”, – nazir müavini qeyd edib.

A. Axundov qarşıdakı dövrdə iqtisadi siyasətin əsas istiqamətlərinin ixracyönümlü istehsalın genişləndirilməsi, özəl investisiyaların təşviqi və regionlarda yeni iqtisadi imkanların yaradılması olacağını bildirib.

“Qarşıdakı dövrdə iqtisadi siyasətimizin əsas istiqaməti ixraca yönəlmiş, özəl investisiyalara əsaslanan və regionlarda yeni imkanlar yaradan artımdır. Bu baxımdan iki sahə prioritet hesab olunur. Birincisi, yerli resurslara söykənən emal sənayesidir. Buraya metallurgiya, kimya, əczaçılıq, qida və yüngül sənaye daxildir. İkincisi isə xarici bazarlara çıxarıla bilən xidmətlərdir. Bu istiqamətdə logistika, turizm və rəqəmsal sektor, o cümlədən məlumat mərkəzləri prioritet təşkil edir”, – deyə o bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti