Qlobal elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin payının 45 faizə qədər artacağı gözlənilir- BEA

İqtisadiyyat Xəbər 6 Noyabr 2026 13:33 (UTC +04:00)
Qlobal elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin payının 45 faizə qədər artacağı gözlənilir- BEA
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı.Trend:

Bərpa olunan enerji mənbələrinin (BOEM) dünya üzrə elektrik enerjisi istehsalında payı 2025-ci ildəki 33 faizdən 2031-ci ilədək təxminən 45 faizə yüksələcək.

Bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) “Renewables 2026: Analysis and Forecasts to 2031” (“Bərpa olunan enerji 2026: 2031-ci ilədək təhlil və proqnozlar”) adlı hesabatında bildirilib.

Hesabata əsasən, 2031-ci ilədək külək və günəş elektrik stansiyalarının ümumi elektrik enerjisi istehsalı iki dəfədən çox artaraq dünya üzrə elektrik enerjisi istehsalının 28 faizini ötəcək.

Qeyd olunur ki, günəş enerjisi artıq elektrik enerjisi istehsalının həcminə görə külək enerjisini geridə qoyub. BEA-nın proqnozuna görə, 2029-cu ilədək günəş enerjisi hidroenergetikanı da üstələyərək dünyada bərpa olunan elektrik enerjisinin ən böyük mənbəyinə çevriləcək.

Bununla yanaşı, dəyişkən xarakterli bərpa olunan enerji mənbələrinin payının artması enerji sistemləri üçün əlavə çətinliklər yaradır. 2031-ci ilədək 17 ölkədə onların elektrik enerjisi istehsalının ümumi həcmindəki payı 50 faizi ötəcək. Bu səbəbdən elektrik şəbəkələrinin və şəbəkələrarası birləşmələrin gücləndirilməsi, enerji saxlama sistemlərinin inkişafı, tənzimlənə bilən generasiya güclərinin artırılması və elektrik enerjisi istehlakının çevikliyinin yüksəldilməsi tələb olunacaq.

Əsas bazarlarda külək və günəş elektrik stansiyalarının istehsalının məhdudlaşdırılması həcmi həm 2024-cü, həm də 2025-ci ildə təxminən iki dəfə artıb. Ötən il bu göstərici 200 teravatt-saata (TVt·s) yaxınlaşıb, 2031-ci ilədək isə 800 TVt·s-ı ötə bilər. Bu, külək və günəş enerjisinin ümumi istehsalının təxminən 8 faizinə bərabər olacaq.

Agentliyin məlumatına görə, Avropada elektrik enerjisinin mənfi qiymətlərlə satıldığı saatların sayı da artmaqda davam edir. Günəş elektrik stansiyalarının yüksək istehsal dövrlərində qiymətlərin aşağı düşməsi bazar şərtləri əsasında fəaliyyət göstərən layihələrin, eləcə də korporativ elektrik enerjisi alışı müqavilələrinin iştirakçılarının gəlirlərini azaldır.

Hesabatda qeyd olunur ki, bu problemlərin həlli yollarından biri günəş və külək elektrik stansiyalarını akkumulyator əsaslı enerji saxlama sistemləri ilə birləşdirən hibrid layihələrin həyata keçirilməsidir.

“Bir sıra regionlarda artıq bu cür layihələr vasitəsilə istehsal olunan elektrik enerjisinin dəyəri bir meqavat-saat üçün 75 dollardan aşağıdır. Bununla yanaşı, həmin layihələr ayrı-ayrı günəş və külək elektrik stansiyaları ilə müqayisədə elektrik enerjisinin daha çevik təchizatını təmin edir”, – deyə hesabatda bildirilir.

Vurğulanır ki, bu cür layihələr, xüsusilə Hindistanda xüsusi hərraclar və satınalma mexanizmləri sayəsində getdikcə daha geniş yayılır.

“Onlardan istifadə elektrik enerjisi istehsalının məhdudlaşdırılmasını azaltmağa, enerji obyektlərindən istifadənin səmərəliliyini artırmağa və enerji sistemləri üçün əlavə xidmətlər təmin etməyə imkan verir”, – deyə BEA qeyd edir.

Bundan əlavə, agentlik 2031-ci ilədək bilavasitə istehlakçılarda quraşdırılan akkumulyator əsaslı enerji saxlama sistemlərinin gücünün təxminən altı dəfə artacağını proqnozlaşdırır. Onların ümumi gücü 670 giqavat-saata çatacaq. Gözlənilir ki, həmin vaxta qədər ev təsərrüfatlarında quraşdırılan günəş fotoelektrik sistemlərinin üçdə birindən çoxu akkumulyatorlarla təchiz olunacaq.

“Son bir ildə reallaşdırılmasının irəliləmiş mərhələsində olan bərpa olunan enerji layihələrinin elektrik şəbəkələrinə qoşulması üçün təqdim edilmiş müraciətlərin ümumi gücü 60 faiz artaraq 3 min giqavata çatıb. Artımın hamısı akkumulyator əsaslı enerji saxlama sistemləri və hibrid BOEM layihələrinin payına düşüb.

Hindistan, Böyük Britaniya və ABŞ-də elektrik şəbəkələrinə qoşulma qaydalarının sərtləşdirilməsi və növbələrin idarə olunması sahəsində aparılan islahatlar nəticəsində reallaşdırılmasının ilkin mərhələsində olan külək və günəş energetikası layihələrinin təxminən yarısı növbələrdən çıxarılıb”, – deyə BEA bildirir

Məqalədə:

Xəbər lenti

Xəbər lenti