Bakı.Trend:
NATO, ABŞ, Ukrayna, bir sıra Avropa ölkələri və Avropa İttifaqının nümayəndələri ABŞ, Ukrayna və Rusiya arasında Əbu-Dabidə keçirilməsi planlaşdırılan üçtərəfli danışıqlar ərəfəsində alyansın iqamətgahında görüş keçiriblər.
TASS-ın məlumatına görə, bu barədə cümə günü NATO-nun mətbuat katibi Ellison Hart jurnalistlərə məlumat verib.
“Dünən Brüsseldə NATO-nun rəsmi iqamətgahında (rəsmi iqamətgah NATO-nun baş katibinin yaşaması üçün nəzərdə tutulub. Hazırda bu vəzifəni Mark Rutte tutur – red) NATO, ABŞ, Ukrayna, Avropa ölkələri və Avropa İttifaqının nümayəndələri Əbu-Dabidə keçirilməsi planlaşdırılan üçtərəfli danışıqlar (ABŞ, Ukrayna və Rusiya Federasiyası) ərəfəsində görüş keçiriblər”, – deyə o bildirib.
Hartın sözlərinə görə, dünənki görüş Mayami və Osloda keçirilmiş “məhsuldar müzakirələrin davamı olub və Ukraynada müharibənin ədalətli və davamlı şəkildə başa çatdırılmasına kömək etmək məqsədi daşıyıb”.
NATO-nun mətbuat katibi hansı Avropa ölkələrinin təmsil olunduğunu dəqiqləşdirməyib. Lakin bir gün əvvəl Avropa Komissiyasında oxşar danışıqların keçirildiyini nəzərə alsaq, söhbət Almaniya, Fransa və Böyük Britaniyadan gedir.
