Bakı.Trend:
Praqadan Buxarestdəki Henri Koanda adına Beynəlxalq Hava Limanına uçan təyyarənin ekipajı göyərtədə bomba təhlükəsi barədə siqnal verib.
TASS-ın xəbərinə görə, bu barədə Rumıniya İnformasiya Xidməti məlumat yayıb.
Təyyarə saat 12:19-da (Bakı vaxtı ilə 14:19) eniş edib. Təyyarənin göyərtəsində 102 sərnişin olub.
“Buxarest Hava Limanları” milli şirkətinin məlumatına görə, Henri Koanda adına Beynəlxalq Hava Limanında təyyarələrin eniş və uçuşları qrafikə uyğun davam edir. Təhlükə barədə məlumat daxil olduqdan sonra hava limanının əməkdaşları dövlət qurumlarının nümayəndələri ilə birlikdə zəruri tədbirlər görürlər.
Qeyd edək ki, bir gün əvvəl Buxarest Beynəlxalq Hava Limanına analoji təhlükələrlə bağlı dörd məlumat daxil olub. Lakin mütəxəssislər tərəfindən aparılan yoxlamalar nəticəsində bu məlumatlar təsdiqini tapmayıb.
