Bakı. Trend:
Noyabrın 6-da Azərbaycan Respublikasının xarici işlər naziri
Ceyhun Bayramov ölkəmizdə səfərdə olan BMT Baş katibinin iqtisadi
və sosial məsələlər üzrə müavini Li Junhuanı qəbul edib.
Xarici İşlər Nazirliyinin məlumatına görə, görüşdə Azərbaycan ilə
BMT arasında əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri,
Azərbaycanın çoxtərəfli diplomatiyaya verdiyi töhfələr, habelə
qlobal və regional gündəlikdə duran məsələlər müzakirə olunub.
Tərəflər Azərbaycanın BMT ilə əməkdaşlıqda fəal rolunu, habelə
qlobal çağırışların həllinə töhfə verilməsi istiqamətində
addımlarını məmnunluqla qeyd ediblər. Bu çərçivədə, Azərbaycanın
Qoşulmama Hərəkatı, COP29, BMT-nin Asiya və Sakit Okean üzrə
İqtisadi və Sosial Komissiyası (ESCAP), Asiyada Qarşılıqlı
Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (CICA), Ümumdünya
Şəhərsalma Forumu (WUF) və digər beynəlxalq platformalar
çərçivəsində sədrlikləri, irəli sürdüyü təşəbbüslər, keçirdiyi
yüksək səviyyəli tədbirlər və əldə olunan nəticələr xüsusi
vurğulanıb.
Ölkəmizdə 5-6 noyabr tarixlərində BMT İdarəetmə İnnovasiyaları
Sammitinin uğurla keçirilməsinin əhəmiyyəti vurğulanaraq,
Azərbaycanın innovativ dövlət idarəçiliyi sahəsində təcrübəsinin,
xüsusilə ASAN xidmət modelinin beynəlxalq səviyyədə təşviqi və
müxtəlif ölkələrdə tətbiqinin genişləndirilməsi istiqamətində
görülən işlər qeyd olunub.
Nazir Azərbaycanın BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 2030-cu
ilədək həyata keçirilməsi prosesinə verdiyi töhfələr, bu
istiqamətdə milli səviyyədə görülən tədbirlər, eləcə də beynəlxalq
inkişaf gündəliyinə dəstək məqsədilə həyata keçirilən donorluq və
humanitar fəaliyyət barədə məlumat verib.
Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında regional
əməkdaşlığın genişləndirilməsinin, C6 formatının əhəmiyyəti
vurğulanıb. Bu çərçivədə, nəqliyyat və logistika bağlantılarının
gücləndirilməsi, Orta Dəhlizin potensialından səmərəli istifadə,
ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, enerji
təhlükəsizliyi, yaşıl enerji, rəqəmsal transformasiya və regional
tranzit imkanlarının inkişafı məsələlərinə toxunulub.
Nazir Ceyhun Bayramov işğaldan azad edilmiş ərazilərdə Azərbaycanın
həyata keçirdiyi genişmiqyaslı bərpa və quruculuq işləri, keçmiş
məcburi köçkünlərin doğma torpaqlarına qayıdışının təmin edilməsi,
müasir infrastrukturun yaradılması və ərazilərin iqtisadi
reinteqrasiyası istiqamətində görülən tədbirlər barədə qarşı tərəfi
məlumatlandırıb. Bununla yanaşı, Ermənistanın işğalı dövründən
qalmış mina və partlamamış hərbi sursat təhlükəsinin
bərpa-quruculuq prosesinə, insanların təhlükəsizliyinə və dayanıqlı
inkişafa yaratdığı ciddi maneələr diqqətə çatdırılıb.
Tərəflər, həmçinin mövcud qlobal və regional təhdidlər, beynəlxalq
sülh və təhlükəsizliyə təsir edən çağırışlar, iqtisadi və sosial
inkişafın təşviqi, eləcə də BMT çərçivəsində qarşılıqlı maraq
doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıblar.
