Bakı. Trend:
2026-cı ilin yanvar-oktyabr ayları ərzində dövlət büdcəsindən fiziki və hüquqi şəxslərə ümumilikdə 296 milyon 715,3 min manat məbləğində vəsait geri qaytarılıb.
Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, geri qaytarılan vəsaitlər fiziki şəxslərin pərakəndə ticarət və ictimai iaşə sahəsində aldıqları mallara, mədəniyyət (teatr, kino, muzey, konsert), tibbi xidmətlərə, o cümlədən işğaldan azad edilmiş ərazilərdəki mehmanxana xidmətlərinə, habelə əcnəbilər tərəfindən ölkə ərazisində istehsal və kommersiya məqsədi daşımayan malların alınmasına ödənilmiş ƏDV-nin qaytarılmasına aiddir.
Bununla yanaşı, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsi, həmçinin artıq ödənilmiş digər vergilər, dövlət rüsumu, faizlər və maliyyə sanksiyaları da geri qaytarılıb.
Qeyd edək ki, 2026-cı ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinin gəlirləri 29 milyard 311,8 milyon manat, xərcləri isə 25 milyard 348,2 milyon manat təşkil edib. Hesabat dövründə dövlət büdcəsində 3 milyard 963,6 milyon manat profisit yaranıb.
Dövlət büdcəsinin gəlirləri proqnozlaşdırılan 28 milyard 524,4 milyon manatı 787,4 milyon manat və ya 2,8 faiz üstələyib. Dövlət Neft Fondundan transfertlər nəzərə alınmadan büdcə gəlirləri isə ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyard 402,1 milyon manat və ya 7,7 faiz artaraq 19 milyard 683,8 milyon manata çatıb.
