Bakı.Trend:
Ermənistanda respondentlərin 30 faizi ölkə Prezidenti Vaaqn Xaçaturyanın fəaliyyəti barədə məlumata malik deyil.
TASS-ın məlumatına görə, bu barədə "Gallup International" şirkətinin təqdim etdiyi araşdırmanın nəticələrində bildirilir.
“Ermənistan Prezidenti Vaaqn Xaçaturyan fəaliyyəti ən aşağı müsbət qiymətləndirilən şəxs olub – 13,2 faiz. Onunla bağlı vəziyyət yenidən təkrarlanıb: sorğuda iştirak edənlərin 30 faizi ya onun fəaliyyəti ilə tanış deyil, ya da ümumiyyətlə kim olduğunu bilmir. Bu, müəyyən mənada hətta gülüncdür”, – deyə "Gallup International"ın Ermənistandakı nümayəndəliyinin rəhbəri, sosioloq Aram Navasardyan sorğunun nəticələrinin təqdimatı zamanı bildirib.
O, eyni zamanda qeyd edib ki, vətəndaşlar ən çox Erməni Apostol Kilsəsinin fəaliyyətindən razıdırlar. Respondentlərin 59,1 faizi kilsənin fəaliyyətini tam müsbət qiymətləndirib, daha 13,9 faizi isə əsasən razı olduğunu bildirib.
“İkinci yerdə reytinqində müəyyən azalma qeydə alınan Ermənistan silahlı qüvvələri qərarlaşıb. Respondentlərin 46,6 faizi Ermənistan Silahlı Qüvvələrinin fəaliyyətindən tam razı olduğunu, daha 21,2 faizi isə əsasən razı qaldığını bildirib. Silahlı Qüvvələrdən sonra Ermənistanın Baş naziri Nikol Paşinyan gəlir. Respondentlərin 31,1 faizi onun fəaliyyətindən tam, 20,8 faizi isə əsasən razıdır. Maraqlıdır ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bu göstəricilərə görə, demək olar ki, Paşinyandan geri qalmır. Sorğuda iştirak edənlərin 30 faizi onun fəaliyyətindən tam, daha 20 faizi isə əsasən razı olduğunu bildirib”, – deyə Navasardyan vurğulayıb.
Sorğu oktyabrın 28-dən noyabrın 4-dək telefon müsahibələri vasitəsilə keçirilib. Araşdırmada 1 001 nəfər iştirak edib.
