Bakı.Trend:
Qırğızıstanın Rusiyadakı səfirliyi 21 yaşlı Elistan Toktoqulovun vətənə qaytarılması tələbi ilə Rusiyanın Xarici İşlər Nazirliyinə nota göndərib.
“Azattyk Asia”nın məlumatına görə, gənc Rusiyaya aylıq 110 min rubl (təxminən 2 000 manat) maaşla mülki iş vədi ilə cəlb edilib, daha sonra isə aldadılaraq Rusiya Müdafiə Nazirliyi ilə müqavilə imzalamağa məcbur edilib və Ukraynada müharibəyə hazırlıq üçün göndərilib.
Toktoqulov baş verənlər barədə yaxınlarına məlumat verdikdən sonra onun qohumları hakimiyyət orqanlarına müraciət ediblər. Rəsmi Bişkek vətəndaşının azad edilməsini və onun hərbi xidmətə cəlb olunması hallarının araşdırılmasını tələb edib.
Qırğızıstan Xarici İşlər Nazirliyi eyni zamanda Rusiyada yaşayan həmvətənlərini müqavilə imzalamazdan əvvəl onun şərtlərini diqqətlə öyrənməyə çağırıb.
Bundan əvvəl Qazaxıstan mülki iş vədləri ilə Rusiyaya cəlb edildikdən sonra cəbhəyə göndərildiklərini bildirən 12 vətəndaşının vətənə qaytarılmasına nail olub.
Qeyd edək ki, oktyabrın sonunda BMT komissiyası Rusiya ordusuna ən azı 29 ölkənin vətəndaşlarının aldadılaraq və ya məcburi şəkildə cəlb edilməsinin sübuta yetirilmiş hallarının qeydə alındığını bəyan edib.
