Bakı. Trend:
Böyük Britaniya Yer səthinin müşahidəsi üçün nəzərdə tutulan ikinci hərbi peyki – "Titania"nı orbitə buraxıb.
Bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, peyk Müdafiə Elmləri və Texnologiyaları Laboratoriyası ilə "BAE Systems" şirkəti arasında tərəfdaşlıq çərçivəsində hazırlanıb.
Böyük Britaniya ilk hərbi peyki olan "Tyche"ni 2024-cü ilin avqustunda orbitə çıxarıb. 2027-ci ildə isə "Juno" və "Oberon" peyklərinin orbitə buraxılması planlaşdırılır.
Bundan əlavə, London "Inaros" layihəsi çərçivəsində kosmik fəzada baş verən hərəkətləri izləmək üçün üç neyromorfik sensorun sınaqlarını keçirəcək. Sensorların Avstraliya, Böyük Britaniya və Kiprdə yerləşən obyektlərdə quraşdırılması nəzərdə tutulur.
Müdafiə Nazirliyinin məlumatına görə, bu sensorlar Britaniya peyklərinin yaxınlığında qeyri-adi və ya potensial təhlükə yaradan fəaliyyətləri aşkar etmək üçün erkən xəbərdarlıq sistemi kimi istifadə oluna bilər.
