Bakı. Trend:
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər.
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərlə görüşüblər.
Daha sonra dövlətimizin başçısı və Birinci xanım sakinlərlə söhbət edib, xatirə şəkilləri çəkdiriblər.
Qadın sakin: Hörmətli cənab Prezident, hörmətli Ali Baş Komandan, dəyərli Mehriban xanım.
Mən həm Soltanlı kənd camaatı adından, həm də Zəngilan rayonunun köçkünləri adından bugünkü gün münasibətilə, Zəfər Gününün bir addımlığında olduğumuz bir vaxtda Sizin gözəl, müdrik siyasətiniz, xalqımızın birliyi və Ordumuzun şücaəti sayəsində, şəhidlərimizin qanı bahasına azad olunmuş bu torpaqlarda sizləri salamlamaqdan qürur hissi duyuram. Bir daha deyirəm: “Xoş gəlmisiniz”.
Prezident İlham Əliyev: Sağ olun.
Qadın sakin: Yaralı, əsir düşmüş vətənimizin yeganə xilası onun yaralarını ancaq Zəfərlə sarımaq olardı ki, bu mümkünsüz işi Siz bacardınız, əziz Prezidentimiz. Bunun üçün Sizə təşəkkür edirik. Hər zaman dövlətimizin qayğısını üzərimizdə hiss etmişik bu otuz ildə, yenə də hiss edirik, həm bir şəhid ailəsi kimi, həm də məcburi köçkün kimi.
Nə deyək?! Ulu Öndərimizdən və şəhidlərimizdən bizlərə əmanət qalmış bu Vətən torpağının bundan sonra bərpa olunub yenidən dirçəlməsi üçün qalan vəzifə artıq biz vətəndaşların borcudur. Sizə söz veririk ki, yurdumuzun abadlığı üçün biz də hər zaman dövlətimizin və Sizin arxanızdayıq. Yaşasın Azərbaycan, yaşasın Ali Baş Komandan, yaşasın Azərbaycan Ordusu!
Prezident İlham Əliyev: Sağ olun, çox sağ olun, təşəkkür edirəm.
Kişi sakin: Cənab Prezident, mən də söz demək istəyirəm.
Prezident İlham Əliyev: Buyurun.
Kişi sakin: Otuz ildən sonra, yox, otuz üç ildən sonra Sizin bizi buraya qaytarmağınız əslində möcüzədir. Mənim üçün möcüzədir. Mən fikirləşirəm ki, bəlkə yuxu görürəm, inanın səmimiyyətimə. Sonra baxıram ki, yox, yuxu deyil. Allah Sizi qorusun, Allah Sizə cansağlığı versin. Allah Vətənimizi qorusun. Şəhidlərimizə Allah rəhmət eləsin.
Prezident İlham Əliyev: Amin.
Kişi sakin: Qazilərimizə cansağlığı versin. Hamısı Sizin sayənizdədir. Fəxr edirik biz Sizinlə, cənab Prezident.
Prezident İlham Əliyev: Sağ olun, təşəkkür edirəm. Bu şanlı Zəfərimiz, qeyd etdiyim kimi, daim bizim ürəyimizdə qalacaq, tarixdə qalacaq. Bu elə bir hadisədir ki, bunun misli-bərabəri yoxdur. Ona görə bu münasibətlə bir daha təbrik edirəm. Gəlin, birlikdə şəkil çəkdirək.
Digər kişi sakin: Bu günü bizə yaşatdığınız üçün Sizə çox minnətdaram.
Prezident İlham Əliyev: Burada yaşamısınız?
Kişi sakin: Bəli, bu kəndin sakiniyəm. Bəli, burada doğulub, burada böyüyüb, sürücü işləmişəm. Nəvələrim xahiş etdi ki, cənab Prezidentlə şəkil çəkdirərsən, gətirərsən, biz də başımızın üstündən asacağıq.
Prezident İlham Əliyev: Bəs işğal dövründə harada yaşayırdınız?
Kişi sakin: Bakıda.
Prezident İlham Əliyev: Bakıda? Şərait necə idi?
Kişi sakin: O qədər yaxşı deyildi, 33 ili yola verdik, Allah canını sağ eləsin.
Prezident İlham Əliyev: Hansı işlə məşğul idiniz?
Kişi sakin: Orada da öz maşınımla işləmişəm, “QAZ-53”üm var idi.
Prezident İlham Əliyev: İndi burada yenə sürücü?
Kişi sakin: Sürücülük. Maşının daşını atmışam, gedib.
Prezident İlham Əliyev: Burada nə işlə məşğul olacaqsınız?
Kişi sakin: Burada kənd təsərrüfatı ilə. Bizim camaat işlək camaatdır, cənab Prezident, əkəcəklər, biçəcəklər.
Prezident İlham Əliyev: Siz nə ilə məşğul idiniz?
Digər kişi sakin: Orduda xidmət etmişəm.
Prezident İlham Əliyev: Siz bu kənddənsiniz, yoxsa Soltanlıdan?
Kişi sakin: Bu kənddən.
Prezident İlham Əliyev: Nə işlə məşğul idiniz o vaxt?
Kişi sakin: Şofer işləyirdim.
Prezident İlham Əliyev: Kolxoz var idi?
Kişi sakin: Bəli, kolxoz var idi.
Prezident İlham Əliyev: Bəs işğal dövründə harada?
Kişi sakin: İşğal dövründə Sumqayıtda yaşayırdım.
Prezident İlham Əliyev: Sumqayıtda. İndi burada nə ilə məşğul olacaqsınız? Pensiya?
Kişi sakin: Pensiya.
Prezident İlham Əliyev: Təbrik edirəm.
Kişi sakin: Sağ olun, Allah Sizi var eləsin.
Prezident İlham Əliyev: Burada kənd təsərrüfatı ilə məşğul idiniz - əkinçilik, heyvandarlıq?
Kişi sakin: Bəli, indi maşının daşını atmışam, gedib. Yaşlaşmışam, yetmiş iki yaşım var. Ancaq kənd təsərrüfatı ilə məşğul olacağam.
Prezident İlham Əliyev: Torpaq yaxşıdır.
Kişi sakin: Bəli, bizim torpağımız qızıl torpaqdır. Nə əksən bitər.
Prezident İlham Əliyev: Su da var?
Kişi sakin: Suyu da var, bəli, hər bir şey də var. Bu torpağa biz öyrəşmişik. Mən buradan çıxanda 39 yaşım var idi. Elə 39 yaşınacan əkinlə, biçinlə məşğul olmuşam. Həyət-bacam var idi.
Prezident İlham Əliyev: İndi biz keçirdik, baxıram, Ağalı kəndində artıq elə ağaclar əkiblər ki, belə bağa dönüb. Belə olacaq.
Kişi sakin: Cənab Prezident, bir ildən sonra buraya gələndə tanımayacaqsınız buranı, gül-çiçək, ondan da üstün olacaq, edəcəyik.
Prezident İlham Əliyev: Həm o həyətyanı sahə, orada da indi bostan, meyvə ağacları da əkilə bilər. Sonra burada ayrıca torpaq da nəzərdə tutulur sakinlər üçün.
Kişi sakin: Verilib, bəli, verilib.
Prezident İlham Əliyev: Burada heyvandarlıq yaxşı inkişaf edə bilər. Taxılçılıq olub.
Kişi sakin: Hamısı edilə bilər, bəli. Vaxtilə hamısı olub axı və biz onu yenə təkrar edəcəyik.
Prezident İlham Əliyev: Havası da təmiz.
Kişi sakin: Bizim camaat işləməyi sevir. Dediyim kimi, gələn dəfə gələndə buranı tanımayacaqsınız. Burada həyat başqa cür olacaq, Allah haqqı. İndiyədək Siz etmisiniz, bundan sonra biz edəcəyik. Təbii ki, yaşayıb-yaradacağıq.
Prezident İlham Əliyev: Artıq sizin işinizdir. Bizim üzərimizə nə düşübsə, bu kənd üçün etmişik.
Kişi sakin: Bəli, Siz öz borcunuzdan çıxmısınız. Buradan beləsini, Allah qoysa, biz edəcəyik. Çox sağ olun, çox sağ olun.
Prezident İlham Əliyev: Təbrik edirəm. Siz nə işlə məşğul idiniz o vaxt?
Kişi sakin: Mən də burada traktorçu olmuşam. 1978-1979-cu illərdə. Sonra şofer olmuşam, kolxozda, üzümlükdə işləmişəm.
Prezident İlham Əliyev: Sonra bəs?
Kişi sakin: Otuz yaşımda da müharibə.
Prezident İlham Əliyev: Hara getdiniz?
Kişi sakin: Bakıya getdik, Buzovnada qalırdıq.
Prezident İlham Əliyev: Qonşuyuq?
Kişi sakin: Qonşuyuq. Allah köməyiniz olsun. Allah Sizi saxlasın.
Prezident İlham Əliyev: İndi də Allaha şükür, qayıtmısınız. Burada məşğulluqla problem var?
Kişi sakin: Yox, yox. Sürücü işləyirəm hələ ki.
Prezident İlham Əliyev: Burada iş çox olacaq. Zəngəzur dəhlizi də kəndin ərazisindən keçir. Burada böyük inkişaf gözlənilir, dəmir yolu da işləyəcək.
Kişi sakin: Çox sevinirik. Allah Sizi sevindirsin. Hər dəfə deyirsiniz, bizi sevindirirsiniz.
Prezident İlham Əliyev: Sağ olun. Məktəbi də soruşmuşam, müəllimlər məktəbdə, bağçada işləyəcəklər.
Kişi sakin: Xoş gəlmisiniz, Mehriban xanım, Allah Sizi qorusun.
Mehriban xanım: Sağ olun, Allah bütün xalqımızı qorusun.
Prezident İlham Əliyev: Allah Soltanlı uğrunda döyüşlərdə şəhid olanlara rəhmət eləsin.
Qadın sakin: Şəhid anasıyam. 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeninin sahibi Ziyadxan Əliyevin anasıyam.
Prezident İlham Əliyev: Allah rəhmət eləsin.
Qadın sakin: Necə deyim, yaşamadığımız, düşünə bilmədiyimiz bir möcüzəni Siz bizə yaşatdınız, əsgərlərimizlə, ordumuzla bərabər, xalqın birliyi ilə bərabər. İnşallah, birliyimiz pozulmasın. Allah Sizi var eləsin. Siz bizim əbədiyaşar Prezidentimizsiniz.
Prezident İlham Əliyev: Həmişə birlik olacaq, həmişə bir-birimizə arxa-dayaq olacağıq.
Qadın sakin: Bəli, həmişə arxanızdayıq, Sizi sevirik.
Prezident İlham Əliyev: Çox sağ olun, təbrik edirəm.
Sakinlər: Çox sağ olun.
