Xaçmazda 8 Noyabr – Zəfər Günü möhtəşəm konsert və atəşfəşanlıqla qeyd olunub (FOTO)

Cəmiyyət Xəbər 7 Noyabr 2026 10:26 (UTC +04:00)
Xaçmazda 8 Noyabr – Zəfər Günü möhtəşəm konsert və atəşfəşanlıqla qeyd olunub (FOTO)

Bakı. Trend:

Xaçmaz Rayon İcra Hakimiyyəti və ARB Media Qrupunun birgə təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Günü münasibətilə “Zəfər nəğməsi” adlı möhtəşəm bayram konserti təşkil edilib. Ölkəmizdə elan olunmuş “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Xaçmaz şəhərindəki Zəfər Parkında keçirilən musiqili proqram Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində düşmən üzərində qazandığı tarixi Qələbənin altıncı ildönümünə həsr olunub.

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konsertin aparıcısı Vətən müharibəsində qazanılan şanlı Zəfərdən danışıb. Vurğulayıb ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi və rəşadətli Azərbaycan Ordusunun şücaəti sayəsində qazanılan tarixi Zəfər xalqımızın yaddaşına qızıl hərflərlə həkk olunub.

Musiqili proqramı Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Milli Məclisin deputatları Ağalar Vəliyev, Sevil Mikayılova və Mahir Süleymanlı, Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının sədri Emil Tağıyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər və minlərlə rayon sakini maraqla izləyiblər.

Bayram əhval-ruhiyyəsi ilə keçən konsert proqramında respublikamızın tanınmış incəsənət ustaları Vətəni, Ordunu və Zəfəri tərənnüm edən rəngarəng mahnılar ifa ediblər. Zəfər Parkının ərazisində qurulmuş xüsusi səhnədən səslənən hər bir ifa tamaşaçılar tərəfindən ki böyük coşqu və alqışlarla qarşılanıb.

Vətənpərvərlik və milli qürur hisslərinin ön plana çıxdığı bayram tədbiri sonda Xaçmaz şəhərinin səmasını bəzəyən möhtəşəm atəşfəşanlıqla yekunlaşıb.

Xəbər lenti

Xəbər lenti