Bakı, Trend:
Daha 6 ölkə Azərbaycanın “ASAN xidmət” modelinin tətbiqində maraqlı olduğunu bildirib.
Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin xarici ölkələrin rəsmiləri ilə keçirdiyi görüşlər zamanı bildirilib.
Dövlət Agentliyinin sədri Zimbabvenin dövlət xidməti, əmək və sosial rifah naziri Edqar Moyo, Qabonun dövlət xidməti və potensialın artırılması naziri Lorens Manq Me Nzoq Eps Ndonq, Keniyanın Dövlət Xidməti, İnsan Kapitalının İnkişafı və Xüsusi Proqramlar Nazirliyinin katibi Cefri Kirinqa Ruku, Banqladeşin poçt, telekommunikasiya və informasiya texnologiyaları naziri Fəqir Mahbub Anam Svapan, Seyşel adalarının kabinet işləri üzrə dövlət katibi, dövlət qulluğu rəhbəri Marqaret Mumu və Çadın dövlət xidmətləri və sosial dialoq naziri Abdullaye Mbodu Mbami ilə görüşüb.
Bakıda keçirilmiş “BMT İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə Hazır Təsisatların İnkişafı” beynəlxalq tədbirinin əhəmiyyəti, əldə olunan nəticələr və dövlət idarəçiliyinin inkişafına verəcəyi töhfələr qonaqlar tərəfindən xüsusi vurğulanıb.
Zimbabve tərəfi ilə görüşdə həmin ölkənin Prezidentinin Azərbaycana səfəri zamanı “ASAN xidmət” mərkəzinə ziyarəti məmnunluqla xatırlanıb. Həmçinin onun tapşırığına əsasən, “ASAN xidmət” təcrübəsinin ölkələrində tətbiqi ilə bağlı zəruri addımların atılacağı qeyd olunub.
Keniya tərəfi ilə keçirilən görüşdə “ASAN xidmət” modelinin bu ölkədə tətbiqi və müvafiq sistemin qurulması istiqamətində razılıq əldə olunub.
Qabon tərəfi dövlət xidmətlərinin əlçatanlığının təmin edilməsinin ölkələri üçün prioritetlərdən biri olduğunu vurğulayıb. Bu baxımdan bürokratik maneələrdən kənar, çevik, şəffaf və vətəndaşyönümlü xidmətlərin təşkili sahəsində “ASAN xidmət”in ideal nümunə olduğu qeyd edilib, bu təcrübənin öyrənilməsinə və tətbiqinə dair maraq ifadə edilib.
Banqladeş, Seyşel və Çad rəsmiləri isə “ASAN xidmət” modelinin ölkələrində tətbiqinə dair əməkdaşlıq müqaviləsinin imzalanmasında maraqlı olduqlarını bildirərək, bu istiqamətdə qısa müddətdə konkret addımların atılmasının vacibliyini vurğulayıblar.
Görüşlərdə qonaqlara ASAN İnnovativ İnkişaf Mərkəzinin fəaliyyət istiqamətləri, təqdim olunan təlim proqramları barədə də məlumat verilib və müvafiq sahə üzrə əməkdaşlıq imkanları müzakirə olunub.