Səbail rayonunda şəhid ailələrinin iştirakı ilə "44" bədii filmi nümayiş etdirilib

Cəmiyyət Xəbər 7 Noyabr 2026 15:08 (UTC +04:00)
Səbail rayonunda şəhid ailələrinin iştirakı ilə "44" bədii filmi nümayiş etdirilib

Bakı. Trend:

Səbail Rayon İcra Hakimiyyəti və Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Səbail rayon komitəsinin birgə təşkilatçılığı ilə Vətən müharibəsində qazanılan şanlı Zəfərə və Azərbaycan əsgərinin rəşadətinə həsr olunmuş "44" bədii filminin nümayişi keçirilib. Tədbirdə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, RİH başçısının müavinləri, Millət vəkili Nigar Arpadarai, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, şəhid ailələrinin üzvləri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbənin əhəmiyyətini vurğulayıb. Bildirilib ki, nümayiş etdirilən film təkcə keçdiyimiz şərəfli döyüş yolunu deyil, həm də canı bahasına torpaqlarımızı azad edən qəhrəman oğullarımızın sarsılmaz ruhunu gələcək nəsillərə ötürən mühüm tarixi və bədii salnamədir. Diqqətə çatdırılıb ki, şəhidlərin ailə üzvləri və qazilər dövlətimizin daimi diqqət və qayğısı ilə əhatə olunub, onların sosial müdafiəsinin gücləndirilməsi ölkə rəhbərliyinin fəaliyyətinin ən ali istiqamətlərindən birini təşkil edir.

Mərasimdə çıxış edən digər natiqlər Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərin tarixi əhəmiyyətindən, xalq-ordu-dövlət birliyinin sarsılmazlığından bəhs ediblər. Qeyd olunub ki, bu qəbildən olan ekran əsərləri gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmasında, rəşadətli tariximizin təbliğində böyük rol oynayır. Çıxış edənlər şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən yüksək dövlət qayğısına görə minnətdarlıqlarını ifadə ediblər.

Rəsmi hissənin ardından tədbir iştirakçıları "44" bədii filmini izləyiblər. Ekran işi böyük maraq və rəğbətlə qarşılanıb.

Xəbər lenti

Xəbər lenti